İntellektual olimpiada” telelayihəsi Bakıda

 

   Aprelin 15-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindəki 5 nömrəli texniki peşə məktəbinin şagirdləri “Nursultan Nazarbayevin Təhsil Fondu” tərəfindən maliyyələşən “Beynəlxalq intellektual teleşou” adlı layihədə uğurla iştirak ediblər.

  

   Qeyd edək ki, peşə məktəbində kinovideo çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kino-tele montajçılar, səs operatorları, teatr, kinotelestudiya dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır.

   Layihə barədə məlumat verən məktəbin direktoru İlham Cəbiyev mart ayında proqramın yaradıcı heyətindən beynəlxalq intellektual teleşouda iştirakla bağlı təklif aldıqlarını bildirib: “Şagirdlərimizin təhsilinə, intellektual səviyyəsinə arxayın olduğumuzdan layihədə iştirak etmək qərarına gəldik. Teleşounun çəkilişləri məktəbimizin studiyasında aparıldı. Yarışmada məktəbin qrim ixtisası üzrə şagirdi Safura Həsənova, Anastasiya Menşova, kino-montaj ixtisası üzrə Ayşəm Həsənova və Zaur Pirməmmədov iştirak etdilər. Aparıcı isə məktəbin kino-montaj ixtisasında oxuyan Elmira Bəhlulova oldu. Sevindirici hallardan biribu idi ki, proqramın çəkilişini məktəbimizin video-çəkilişi üzrə operator ixtisasında oxuyan şagirdləri - Babək Ramazanov, Ülvi Əskərov və Nicat Hümbətov həyata keçirdilər, yarışı uğurla başa vurub sertifikatlara layiq görüldülər”.

   Qeyd edək ki, MDB-nin və dünyanın bir sıra ölkələrində gerçəkləşən “İntellektual olimpiada” telelayihəsinin müəllif və rəhbəri Sergey Paşik, prodüseri Qalina Paşik, “İntellektual olimpiada” üzrə Asiya çempionu və aparıcı Babur Yusupov, həmçinin Qazaxıstanda yaşayan həmyerlimiz, elmlər doktoru, “İntellektual olimpiada” şurasının sədri Fuad Hacıyev layihənin Azərbaycanda reallaşdırılmasında yaxından iştirak ediblər. Qazaxıstanın “Almatı” televiziya kanalında uğurla yayımlanan telelayihə çoxsaylı tamaşaçı auditoriyasına da malikdir.

   Teatrkino, digər incəsənət sahələri üçün texniki işçi bazası hazırlayan məktəbin şagirdlərinin bu gün əldə etdikləri uğur sənətimizin sabahkı nailiyyətlərindən soraq verir.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 13.