“Sarı gəlin - qızılı saçlı gəlin”

 

Azərbaycan caz-muğamı haqqında sənədli film Almaniya telekanalında

 

Almaniyanın “TV Berlin” kanalında Azərbaycanda caz mədəniyyətinin ənənələrindən, o cümlədən caz musiqisinin muğamla nadir sintezindən bəhs edən “Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam” sənədli filmi nümayiş etdirilib.

Alman rejissor Klaus Bernhart tərəfindən çəkilmiş filmdə ölkəmizdə cazmuğam musiqisinin tarixindən bəhs edilir, musiqinin hər iki növünün görkəmli sənətkarları Fərhad Bədəlbəyli, Alim Qasımov, Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski ilə müsahibələr təqdim olunur.

Azərbaycanın musiqi irsinin ayrılmaz tərkib hissəsi olan “Sarı gəlin” xalq mahnısını ilk dəfə Almaniya teleməkanına çıxaran filmdə həmçinin ölkəmizin tarixi və mədəniyyəti haqqında ümumi məlumat verilir. Eyni zamanda, milli musiqimizin beşiyi Şuşanın ölkəmizin mədəni həyatında yeri xüsusi vurğulanır, görkəmli Azərbaycan musiqiçilərinin vətəni olan Dağlıq Qarabağ bölgəsinin hazırda Ermənistan işğalı altında olması qeyd olunur.

Filmin ideya rəhbəri “Alman-Azərbaycan Forumu” icraçı direktorunun müavini Pərviz Yəzdaninin sözlərinə görə, televiziyada nümayiş etdirildikdən sonra tamaşaçılardan daxil olmuş çoxsaylı təbriklər ekran əsərinin Azərbaycan mədəniyyətinin Almaniya ictimai rəyində təbliğinə mühüm töhfə olmasından xəbər verir.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın “Das Apartment TV” şirkəti və Azərbaycanın “Salnamə” studiyasının birgə istehsalıdır. Filmin ərsəyə gəlməsinə “Alman-Azərbaycan Forumu”, Almaniyanın E-ON şirkəti, ARDNŞ və ölkəmizin Almaniyadakı səfirliyi dəstək verib.

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 3.