Tanınmış kinooperator rejissor Ələkbər Muradov vəfat edib

 

Əməkdar incəsənət xadimi, tanınmış kinooperator rejissor Ələkbər Muradov uzun sürən xəstəlikdən sonra avqustun 1-də dünyasını dəyişib. Ələkbər Yunus oğlu Muradov 1948-ci il avqustun 1-də Bakıda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) ali təhsil almışdı. 65 illik ömrünün 47 ilini sevdiyi sahəyə həsr edən sənətkarın kinoda yolu da 1966-cı ildə institutun nəzdindəki “Azneftxim” studiyasından başlanıb. Studiyada çəkdiyi “İmtahana üç gün qalıb” sənədli filmi ümumittifaq kinohəvəskarları festivalında mükafata layiq görülüb. 1968-ci ildə “Səttar Bəhlulzadə” adlı sənədli filmini lentə alıb.

Daha sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən Ələkbər Muradov milli kinomuzda 30-dan artıq müxtəlif janrlı film lentə alıb. O, “Qərib cinlər diyarında” (1977), “Mən nəğmə qoşuram” (1979), “Qorxma, mən səninləyəm” (1981) bədii filmlərində II operator kimi işləyib, “Zirzəmi” (1990), “Müqəddəs oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim şəhərim” (1993) bədii filmlərinin quruluşçu operatoru olub. 2002-ci ildə rejissor debütünü edərək kəskin süjetli “Güllələnmə təxirə salınır” filmini çəkib.

Onun yaradıcılığında müxtəlif janrlı sənədli filmlər çoxluq təşkil edir. “Anaya məktub”, “Gəmiqaya”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsrəddin Tusi”, “Təkəlduz” digər sənədli filmlərin mizan quruluşları dəqiq, çəkiliş maneraları fərqli, dinamikdir. Kino tariximizdə layiqli iz qoyan sənətkarın ekran əsərləri onu yaddaşlarda yaşadacaq.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 3.