Kino bir aləmdir...
Avqustun 2-də Azərbaycan kinosunun 115 yaşı tamam olur. 1898-ci ilin həmin günündə Bakıda yaşayan fransalı fotoqraf və operator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib. “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat) - hələ kino sözünün nə demək olduğunu belə anlamayan, ağ ekrandakı möcüzəni maraq və heyrətlə izləyən tamaşaçılara təqdim olunan ilk kino xronika lentləri belə adlanırdı.
İllər ötdü, Azərbaycan kino salnaməsinə yeni ekran əsərlərinin, sənədli, bədii filmlərin adı yazıldı, milli kinomuzun ən məşhur nümunələri dünya ekranına çıxdı, tanındı. Amma bu hələ sonralar olacaqdı. 115 il əvvəl isə Bakıya ilk dəfə kino “gəlmişdi” və ağ-qara kadrların tədricən milyonları sehrinə salacaq incəsənət növünə çevriləcəyi bəlkə də kimsənin ağlına gəlmirdi. Bu tarixi günün özü də illər boyu arxiv qatlarının altında qalmışdı. Həmin tarixin aranıb-araşdırılıb ortaya çıxarılmasında kino salnaməmizin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin böyük əməyi var. Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.
Əlamətdar ildönümü və kino işçilərimizin peşə bayramı ərəfəsində ürək sözlərini dinləmək üçün müraciət etdiyimiz ilk şəxs də Əməkdar incəsənət xadimi Aydın Kazımzadə oldu.
“Kino tarixi yaşadan, həyatımızın
bütün sahələrinə nüfuz edən incəsənətdir”
- Kino insanların dünyagörüşünü formalaşdıran, tariximizi, milli adət-ənənələrimizi yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən incəsənət, eyni zamanda güclü ideoloji vasitədir. Bu gün insan həyatında kino mühüm yer tutur. Ona görə ki, kino təkcə əyləncə və istirahət vasitəsi yox, eyni zamanda maariflənməyə xidmət edir. Azərbaycan kinosu 115 il ərzində böyük yol keçib və bu gün dünya kinosunun tərkib hissəsi kimi inkişaf etməkdədir. Biz bu peşə bayramına hazırlaşarkən kinomuzun keçdiyi tarixi yola bir də nəzər salırıq. Özümü xoşbəxt hesab edirəm ki, Azərbaycan kinosunun tarixinin üzə çıxarılmasında mənim də rolum var. 2 avqust ulu öndər Heydər Əliyev tərəfindən xüsusi sərəncamla kinomuzun yaranma tarixi kimi təsdiq olunub. Mən bundan vətəndaş kimi böyük fəxr duyuram. Əlbəttə ki, bu mənim qarşımda böyük bir məsuliyyət hissi qoyub. Buna görə də Azərbaycan kinosunun tarixini, tədqiqatını davam etdirirəm. Sentyabr ayında “Azərbaycanfilm”in (Bakı kinostudiyasının) 90 illiyi qeyd olunacaq. Bununla əlaqədar hazırda bir kitab üzərində işləyirəm. Bundan öncə isə “Azərbaycanfilm” adlı kitabım nəşr edilib. Bütün bunlar kino tariximizin öyrənilməsinə xidmət edir. Çünki kinomuzun çox kəşməkəşli salnaməsi var.
Kino tariximizdə elə filmlər olub ki, sovet dönəmində böyük mükafatlar alıb. “Arşın mal alan (1945)”, “İstintaq” filmləri SSRİ Dövlət Mükafatına, “Ad günü” filmi 1979-cu ildə Ümumittifaq kinofestivalında baş mükafata layiq görülüb. 1980-ci ildə Düşənbədə keçirilən Umumittifaq kinofestivalında isə “İstintaq” filmi baş mükafat alıb. 1950-ci ildə Muxtar Dadaşovun çəkdiyi “Sovet Azərbaycanı” filmi 1951-ci ildə Kann festivalında diploma layiq görülüb. Bunlar Azərbaycan kinosunun uğurlarıdır. Hazırda kinoya istedadlı gənclər gəlir və onlar artıq öz sözlərini deməyə başlayıblar. İki filmimiz “Oskar” mükafatına təqdim olunub. Bu addımın özü böyük bir irəliləyişdir. Əvvəllər bu haqda düşünmək belə ağlımıza gəlmirdi, indi isə “Oskar”a namizəd olmaq arzusu ilə yaşayırıq.
Azərbaycan kinosunun tarixini yada salanda bu sahədə iz qoyan insanları da xatırlayırıq. Bu sırada böyük dramaturq, ilk kino ssenarilərimizin müəllifi Cəfər Cabbarlını xatırlamalıyıq. Mikayıl Mikayılov, Ağarza Quliyev, Abbas Mirzə Şərifzadə Azərbaycan kinosunun beşiyi başında duran insanlar olublar. Onlardan sonra Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, İmran Qasımov. Bu siyahıya çox adlar əlavə etmək olar. Onların yaratdıqları ekran əsərləri bu gün də yaşayır, sabah da yaşayacaq. Çünki həmin əsərlərdə qoyulan ideyalar bu gün də aktualdır. Azərbaycanın müstəqillik dövründə yaşayan gənc nəsil həmin əsərlərə baxıb o filmlərdən həyatı öyrənirlər. Müstəqillik əldə etdikdən sonra kinomuzda böyük bir dönüş əmələ gəldi. Əvvəla kinematoqrafçılarımız sovet ideologiyasından azad oldular, öz fikirlərini sərbəst ifadə edə bildilər. Hazırda müxtəlif mövzuda və janrlarda filmlər istehsal olunur, kinomuz inkişafdadır. Mənə belə gəlir ki, kinomuzun gələcəyinə ürək açıqlığı ilə gedirik.
Milli Kino Mükafatı ikinci dəfə
təqdim ediləcək
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev:
- Kino sahəsində uzun müddət çalışan bir insan kimi kinomuzun 115 yaşının qeyd edilməsi mənim üçün də sevindirici bir gündür. 2 avqust bütün kino işçilərimiz kimi, mənim üçün də bayramdır. Bu günlə əlaqədar Kinematoqrafçılar İttifaqının ilk tədbiri 25 iyulda Muzey Mərkəzində təşkil edilmiş kino fotosərgisi oldu. Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin arxivindən kino tariximizin bir çox maraqlı anlarını yaşadan 50-dən artıq foto nümayiş olundu. Avqustun 2-də Nizami Kino Mərkəzində təşkil olunan bayram tədbirində 20-dən artıq kino veteranına Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən mükafatlar təqdim olunacaq. Eyni zamanda görkəmli aktyorumuz, Xalq artisti Ələddin Abbasova ittifaq tərəfindən Milli Kino Mükafatı təqdim ediləcək. Bilirsiniz ki, keçən il təsis olunan bu mükafata ilk dəfə mərhum aktyorumuz, Xalq artisti Yaşar Nuri layiq görülmüşdü. Həmin gün “Azərbaycanfilm”in istehsalı olan yeni ekran əsəri - “Dərvişin qeydləri” filmi (rejissor Xalq artisti Eldar Quliyev) nümayiş olunacaq. Bir neçə gündən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının saytını da təqdim edəcəyik. Yəni 115 illiklə bağlı bir çox tədbirlər həyata keçirəcəyik.
Xaricdə yaşayan
gənc rejissorlarımız “Azərbaycanfilm"də özlərini
sınayırlar
C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov:
- Bu il Azərbaycan kinosunun 115 illiyi ilə
yanaşı, “Azərbaycanfilm" kinostudiyasının da 90 illik yubileyidir.
Kino tariximizdə ilk
dövlət qurumu 1923-cü ildə
yaradılıb, Azərbaycan Foto-Kino
İdarəsi (I Dövlət kinofabriki) təşkil
edilib. Sonrakı illərdə
bir neçə dəfə adını dəyişən
qurum 1961-ci ildən C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyası adlanır. Ötən
müddətdə kinomuzun salnaməsi burada yazılıb, milli
filmoqrafiyamızın ən gözəl nümunələri burada lentə alınıb. 90-cı illərin
əvvəlində respublikamızın
yaşadığı ağır böhrandan,
mədəniyyətimizin digər sahələri kimi, kino təsərrüfatımız
da öz nəsibini
aldı. Artıq bu çətin dövrlər
arxada qalıb, dövlətin diqqət və
qayğısı sayəsində Azərbaycan kinosu
yeni inkişaf mərhələsinə
qədəm qoyub. Filmlərimiz beynəlxalq
arenaya, festival və
müsabiqələrə çıxır. Bu
gün müxtəlif özəl
kinoşirkətlər, studiyalar da uğurla fəaliyyət
göstərir. Lakin milli kinomuzun flaqmanı yenə zəngin tarixə malik “Azərbaycanfilm”dir. Sentyabr
ayında “Azərbaycanfilm”in
90 illiyi geniş şəkildə qeyd ediləcək. Bu ərəfədə
bölgələrdə filmlərimiz
nümayiş olunacaq.
“Mahmud və Məryəm”
filminin təqdimatı,
yeni filmlərin televiziyalarda nümayişi
nəzərdə tutulur.
Avqustun
2-də isə Nizami
Kino Mərkəzində kinosevərlərlə
birlikdə kino bayramını qeyd edəcəyik və istehsalı başa çatan “Dərvişin qeydləri” filmi tamaşaçılara təqdim
olunacaq.
Kino bayramı
ərəfəsində kinostudiyada
gedən proseslərdən
bir neçə kəlmə danışmaq
istərdim. Bu gün kinomuza gənc nəsil gəlir. 10-a yaxın gənc rejissor və 2 gənc operatoru işə cəlb etmişik. Gənc rejissorlardan səkkiz
nəfər qısametrajlı,
iki nəfər isə tammetrajlı filmlər üzərində
işləyirlər. Prodüserlər Gildiyasının “Geniş
baxış” ssenari müsabiqəsində qalib
gəlmiş layihə
əsasında “Motivlər...”
adlı kinoalmanax çəkilir. Kinoalmanaxa daxil
olan altı qısametrajlı filmi xaricdə yaşayan altı gənc azərbaycanlı rejissor çəkir. Onlar Avropa, Amerika və Rusiya kino məktəblərində
təhsil alıblar və orada fəaliyyət
göstərirlər. Bu gün həmin gənclər “Azərbaycanfilm”də
özlərini sınayırlar.
Beləliklə, dövlətimiz tərəfindən kino sahəsinə olan dəstəyin nəticəsində
gənc nəslə yeni filmlər ərsəyə gətirmək
üçün imkan
yaradılır.
Gənc rejissor Asif Rüstəmovun “Axınla
üzü aşağı”
filminin çəkilişləri
başa çatıb.
Elçin Musaoğlu Qarabağ
mövzusunda çox gözəl bir ssenarini ekranlaşdıracaq.
Filmin çəkilişləri sentyabr
ayında baş tutacaq. 2 avqust
gününü qeyd etdikdən sonra tanınmış kinorejissor,
Əməkdar incəsənət
xadimi Fikrət Əliyevin “Son dayanacaq” (şərti adı “Polkovnikin xəzinəsi”) filminin çəkilişlərinə
start verəcəyik. Bir sözlə,
kinomuz yaşayır, fəaliyyətdəyik, yeni
axtarışlardayıq. İnşallah tamaşaçılar bütün görülən
işlərin şahidi
olacaqlar.
“İnanıram ki, bizi gələcəkdə maraqlı
layihə və filmlər gözləyir”
Mədəniyyət
və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin
təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov:
- Kino günü
münasibətilə həmkarlarımı
təbrik edirəm. İnanıram ki, bizi gələcəkdə maraqlı
layihə və filmlər gözləyir.
Bunun üçün hazırda
hər şərait
var. Şəxsən mənim
səbirsizliklə gözlədiyim
layihələr var ki, onlar artıq
işlənmək prosesindədir.
Çox
ümid edirəm ki, kinoya yeni
simalar gələcək.
Hazırda film çəkən
gənc nəsil, sabah bu
işə başlayacaq
yeni kadrlar kinomuzu yaşadacaqlar. Milli kinomuzun gələcəyini
məhz bu nəsil müəyyən
edəcək. Bizim də
borcumuz onlara mümkün qədər kömək etməkdir.
Avqustun
2-də kinomuzun 115 illiyi
qeyd ediləcək.
Eyni zamanda, “Azərbaycanfilm” kinostudiyasının 90 illik
yubileyinə hazırlıq
işləri görülür.
Bununla bağlı bir sıra silsilə tədbirlər həyata keçiriləcək ki, bura filmlərin və kinomuzun tarixinə həsr edilmiş kitabın təqdimatı, bayram tədbiri və s. daxildir. Bir daha kinomuzun
115 illiyi və peşə bayramı münasibətilə bu sahədə çalışan
hər kəsi ürəkdən təbrik
edirəm.
Lalə
Azəri
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 4.