“Budağın xatirələri”

 

Xalq yazıçısı Əli Vəliyevin romanı yenidən nəşr olunub

  

   XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı yenidən nəşr olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən iki kitabdan ibarət nəşrin redaktoru yazıçının nəvəsi, tanınmış nasirdramaturq Afaq Məsuddur. Nəfis tərtibat və yüksək zövqlə hazırlanmış kitabElm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxıb.  

   Yenidən nəşr olunmuş bu kitabları vərəqlədikcə bir daha əmin olursan ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmış Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz yazıçılarımızdan biri kimi tanınaraq sevilir. Qüdrətli qələm sahibi kəşməkəşli XX əsrin ilk ilində dünyaya gəlib, həyatın hər üzünü görə-görə mənsub olduğu xalqın səksən illik bir tarixi mərhələsinin fəal iştirakçısına, bu tarixin bədii salnaməçisinə çevrilib.

   Ədibin əsərlərindəki xəlqilik onun təkrarsız şəxsiyyəti ilə bilavasitə bağlıdır. Əli Vəliyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən bəlkə də ən birincisi həyatilik, bütün kökləri ilə, bütün varlığı ilə mənsub olduğu Azərbaycan xalqına bağlılıqdır. Uydurma, quraşdırma hadisələr, qeyri-adi əhvalatlar, kitablardan, filmlərdən götürülmüş obrazlar sənətkarın yaradıcılığına yaddır. Görkəmli ədib ancaq gördüklərindən, duyduqlarından, şahidi olduqlarından söhbət açırdı. “Budağın xatirələri”ndə bu söhbətlər o qədər şirin, o qədər inandırıcı, o qədər səmimidir ki, oxucunu qətiyyən yormur, onu real hadisələrin, olmuş əhvalatların coşqun axarına alıb aparır.

   Əli Vəliyev nəsrimizə maraqlı mövzular gətirib, ədəbiyyatımızı sanballı əsərlərlə zənginləşdirib. Ədibin yenidən çap olunmuş bu romanı da bir daha sübut edir ki, zaman dəyişsə də onun yaradıcılığına oxucu marağı azalmayıb.

   Xalq yazıçısı bu kitabını ömür-gün yoldaşı Qumru xanıma ithaf edib. Kitabda yazıçı gördüklərini dörd hekayətdə ümumiləşdirib. Kitabın redaktoru A.Məsud deyib: Bu romanı əvvəllər də oxumuşdum, bu dəfə redaktor qismində daha diqqətlə oxumalı oldumbabam olduğuna görə demirəm, bu qənaətə gəldim ki, Əli Vəliyev biz düşündüyümüzdən qat-qat maraqlı və ciddi yazıçıdır. Əsərin mövzusuna gəlincə, inqilabdan əvvəlki və sonrakı dövrlər, sovet hakimiyyətinin qurulması illəri, qolçomaqlarla mübarizə, həyata yeni gözlərlə baxan gənc kommunistlər və s. bu kimi məqamlar ilk baxışda adama “zamanı ötmüşkimi görünsə də, alt qatdan sızan canlı həyat - az qala salnamə effekti verən insan taleləri, yeni quruluşun məhv etdiyi bəy ailələrinin qısa, təsirli tarixçələri, yazıçının öz bioqrafiyası ilə bağlı səmimiliyi, kimsəsizlik və yazdığı məqamların ağrılarını özündə saxlaması qüdrəti ilə məni heyran etdi”.

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 13.