Kür-Araz mədəniyyəti

 

Qədim mədəniyyət tariximizdən

  

      Azərbaycanda son illər aparılan arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunəsi aşkar olunur. Bu nümunələr, onların tapıldığı qədim yaşayış yerləri xronoloji dövr baxımından, habelə müvafiq xüsusiyyətlərinə uyğun olaraq qədim mədəniyyətlərə aid edilir. Bu sırada zənginliyi ilə seçilən Xocalı-Gədəbəy, Naxçıvan, Talış-Muğan, Kür-Araz, Şomutəpə, Leylatəpə və sair mədəniyyətləri qeyd etmək olar.  

   Bəs bu qədim mədəniyyətlərin özəllikləri nədir? “Qədim mədəniyyət tariximizdən” rubrikasında təqdim edəcəyimiz yazılarda bu suala aydınlıq gətirməyə çalışacağıq.

   İlk yazıda Kür-Araz mədəniyyətindən bəhs olunacaq. Qeyd edək ki, bu mövzuda mühüm tarixi faktların ortaya çıxmasında tarixçi alimlərdən Qüdrət İsmayılzadə, Aleksey Kuftin, Səfər Aşurov, Döyüş Musayev və başqalarının böyük rolu olub.

  

   Xronologiya

  

   Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləyiblər. Məsələn, rusiyalı alim Boris Kuftin bu mədəniyyəti bütünlüklə eradan əvvəl III minilliyə aid edir. Tarixçi Osman Həbibullayev əvvəlcə bu mədəniyyətin eradan əvvəl III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərib. Tədqiqatlar zamanı, demək olar ki bu mədəniyyətin yayıldığı bütün coğrafi areal nəzərdən keçirilmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyəti e.ə. IV-III minilliklərə aid edilmişdir.

   Bu dövrü araşdıran tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə deyir ki, Kür-Araz mədəniyyəti deyəndə biz eradan əvvəl IV minillikdə təşəkkül tapan, Qafqazdan Aralıq dənizinin şərq hövzəsinə kimi yayılan Tunc dövrü mədəniyyətini nəzərdə tuturuq. Məhz bu dövrdə ictimai, iqtisadi, mədəni həyatda dəyişikliklər yaranıb, metallurgiyanın əsası qoyulub. Rus alimləri də tədqiqatlarında qeyd edirlər ki, Kür-Araz mədəniyyəti Kür-Araz ovalığı üçün, Gürcüstan və Azərbaycanın tarixi əraziləri üçün səciyyəvidir. Həmin dövr əsaslı dəyişikliklərlə yadda qalıb. Bu mədəniyyət bütövlükdə Qafqaza aid edilir. Azərbaycanda bu mədəniyyəti təmsil edən abidələr zəngin və çoxşaxəlidir. Təkcə Şimali Azərbaycanda Kür-Araz mədəniyyətinə aid edilən 100-ə qədər abidə var: “60-a qədər abidənin qeydə alınmasında iştirak etmişəm. Onların bəzilərində eyni zamanda digər mədəniyyətlərin də izləri var. Bir abidədə 7-8 metr, bəzən 9 metr qalınlığında mədəni təbəqəyə rast gəlirik. Deməli, ulularımız uzun müddət torpağa bağlı olub, bu yerlərdə minilliklərlə yaşayıb. Biz sübut etmək istəyirik ki, bu mədəniyyət tarixi Azərbaycan torpaqlarında yaranıb, tədricən ayrı-ayrı bölgələrə, Aralıq dənizinin şərq hövzəsinə kimi yayılıb”.

  

   Kür-Araz mədəniyyəti ilə bağlı elmi nəticələr

  

   Bu mədəniyyətin izlərinə ən çox tarixi Azərbaycan ərazilərində rast gəlindiyini deyən tədqiqatçı son illər aparılan tədqiqatlar sayəsində bir sıra ziddiyyətlərin aradan qaldırıldığını deyir. Onun sözlərinə görə, 60-70-ci illərdə bununla bağlı geniş arxeoloji ekspedisiyalar aparılıb. Bu günQafqazda geniş araşdırılan elmi problemdir. ABŞ-da, Türkiyədə də bu mövzulara dair tədqiqatlar aparılır: “Biz əvvəllər sübut etməyə çalışırdıq ki, tunc əraziyə haradan gətirilib, necə əldə edilib. Amma sonrakı tədqiqatlar zamanı məlum oldu ki, yerli zəmin əsasında coğrafi amillər tuncun istehsalına imkan verib. Azərbaycanın tarixi torpaqlarında yaşayan ulularımız açıq mis, mərgmüş yataqlarından istifadə etməklə tunc hazırlayıblar. Tunc təbiətdə hazır şəkildə təsadüf olunmur, müəyyən qarışıqlardan alınır. Həm möhkəm, həm də plastik xüsusiyyətlərə malikdir”.

  

   Sənətkarlıqda yeni mərhələ

  

   Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis yataqları məlumdur. Kür-Araz mədəniyyəti abidələrində külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc dövründə Cənubi Qafqazda mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir. Azərbaycanın bir çox yaşayış yerlərində metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay qatışığı vardır. Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin müəyyən təsiri olmuşdur. Lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilmişdi.

  

   Metal əşyaların tədqiqi nədən xəbər verir?

  

   Metal əşyaların spektral tədqiqi onların əksər halda mis-mərgmüş tərkibli olduğunu göstərir. Qədim ustalar əşyaların daşıyacağı məqsəddən asılı olaraq, onların tərkibinə müxtəlif miqdarda mərgmüş qatırdılar. Məsələ ondadır ki, misin əridilməsi üçün yüksək istilik tələb olunur, başqa metalın (mərgmüş, qalay, nikels.) qatışığı olduqda ərimə dərəcəsi azalır, metalişləmə ilə əlaqədar görülən işlər bir qədər yüngülləşir. Qədim ustalar bu biliyi mənimsədikdən sonra tuncun başqa xassəsini də müəyyənləşdirirlər. Yəni tunc misdən bərkdir və az istilikdə əriyir. Eyni zamanda müəyyən olunur ki, tərkibinə çox mərgmüş qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal alətlərdə, həm də İlk Tunc dövrü abidələrində tapılan silahlarda az mərgmüş qatışığının olması məhz bununla izah edilir.

   İlk Tunc dövrü abidələrində hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda yerləşirdi. Kür-Araz mədəniyyətinin qab-qacağı bir qayda olaraq, əksər halda, qum qatışıqlı yaxşı yoğurulmuş gildən hazırlanırdı. Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quşheyvan rəsmlərinə və s. təsadüf olunur. Zəngin ornamentik naxışlara malik qab-qacaq Babadərviş və Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz saxsı məmulatında tətbiq olunan bütün bəzək vurma üsullarına və motivlərinə rast gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilmişdir. Burada, Kür-Araz mədəniyyətinin başqa yaşayış yerlərində olduğu kimi, qabların yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzədilirdi.

   Kür-Araz mədəniyyətində inkişaf etmiş sənət sahələrindən biritoxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz mədəniyyəti yaşayış yerində təsadüf olunur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.

  

   Ayinlər və adətlərdə yeni xüsusiyyətlər

  

   Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda İlk Tunc dövrü ayin və adətləri yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları məlumdur. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində böyük kurqanlar qurulur.

   İlk Tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş ərazilərdə dəfn olunurdu. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid qəbirüstü abidələr tikilirdi. Bu cür abidələr, görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.

  

   Əlaqələr

  

   Kür-Araz mədəniyyətini tanıdan maddi varidatda bir çox formalar, nümunələr diqqəti cəlb edir. Həmin dövrdə qəbilələr arasında daimi və sıx əlaqələr vardı. Bu prosesdə yarımköçəri maldarlıqla məşğul olan qəbilələr böyük rol oynamışdır. Özlərinin həyat tərzi sayəsində onlar texnika və mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdular. Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi idi. Əkinçilər mübadiləni əsasən taxıl, həm də sənətkarlıq məmulatları ilə aparırdılar. Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar. Qafqazda tunc sənayesinin inkişafının başlanğıc mərhələsi Ön Asiya ilə təmasda keçir. Buna görə təəccüblü deyil ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri nəinki bir-birinə bənzəyir, həm də bu ərazidən kənarda olan abidələrin materialları ilə yaxın oxşarlığa malikdir.

  

   Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 10.