İstanbulda türkdilli ölkələrin media əməkdaşlığı müzakirə olunub

 

Türkdilli Dövlətlərin və Toplumların III Media Forumu noyabrın 7-9-da Bişkekdə keçiriləcək

  

   İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Əlaqələndirmə Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan Respublikası, Şimali Kipr, Bolqarıstan, Yunanıstan, Ukrayna, Moldova, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından, Makedoniyaİraqdan ümumilikdə 30-dək nümayəndə iştirak edib. Toplantıya ölkəmizdən Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qatılıblar.

   İclasda Türkdilli Dövlətlərin və Toplumların III Media Forumuna hazırlıq müzakirə olunub. Xatırladaq ki, türkdilli media təmsilçilərinin I və II forumları 2010-cu ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında isə Bakıda təşkil edilib. Növbəti forumun bu il noyabrın 7-dən 9-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi gözlənilir.

   Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsinə görə, quruma daxil olan ölkə və toplumlar növbəlilik əsasında sədrliyi həyata keçirirlər. Hazırda sədrlik Azərbaycana məxsus olduğundan Mətbuat Şurasının sədri Ə.Amaşov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, media əməkdaşlığı hər bir türk toplumunun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Ötən müddətdə qurumun internet portalının yaradılması bu yöndə mühüm addım kimi dəyərləndirilib.

   Tədbirdə çıxış edən Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin baş katibi və Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya ötən forumdan bəri görülmüş işlərdən, perspektiv vəzifələrdən söz açıb.

   Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən toplantının sonunda III Bişkek Forumunun gündəliyi təsdiqlənib.

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 13.