Bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsi zənginləşir

 

Hökumətlərarası Komitənin sessiyasında “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na 26 nümunə daxil edilib

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası dekabrın 4-də günün ikinci yarısında Braziliyanın qurumdakı daimi nümayəndəliyinin ikinci katibi Adam Munizin sədrliyi ilə işini davam etdirdi.

 

İclasda Hökumətlərarası Komitənin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənildi və “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na təklif edilən nominasiyaların bir hissəsi nəzərdən keçirildi.

Hökumətlərarası Komitənin məşvərətçi qurumunun nümayəndəsi xanım Noriko Aykava görülən işlər barədə danışdı. Bildirdi ki, Hökumətlərarası Komitənin 6 üzvündən (İspaniya, Çexiya, Peru, Yaponiya, Nigeriya və Mərakeş) ibarət olan məşvərətçi qurumuna Reprezentativ Siyahıya salınmalı olan 2013-cü il nominasiyalarının qiymətləndirilməsi həvalə edilib.

Qeyd olundu ki, qurumun hesabatına 2013-cü il ərzində bir sıra mübahisəli məsələlərə dair təcrübələrin təhlili və təqdim edilmiş elementlərin siyahıya salınmasına dair tövsiyələr daxildir. Üç növ tövsiyə təklif olunur: siyahıya salmaq, siyahıya salmamaqya əlavə məlumatların təmin olunması üçün təqdimat verən ölkəyə müraciət etmək.

Noriko Aykava qeyd etdi ki, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na təqdim edilən bir sıra fayllar tələblərə qətiyyən cavab vermir: «Bəzi ölkələr nominasiyanın texniki aspektlərinə diqqət etməli və bu məsələdə son dərəcə ehtiyatlı olmalıdırlar. Bəzən düzgün olmayan terminlərdən istifadə edilir. Qeyri-maddi mədəni irs nümunələri haqqında «müstəsna əhəmiyyətli» ifadəsini işlətmək düz deyil. Bu, UNESCO-nun 2003-cü il Konvensiyasına uyğun gəlmir».

Hesabat təqdim edildikdən sonra “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı” üzrə nominasiyaların müzakirəsi başlandı. Qeyd edək ki, bu siyahıya ümumilikdə 30 nominasiya faylı təqdim olunub.

İclasda 18 müraciətə baxıldı. Müzakirələrdən sonra Əlcəzair (Sidi Şeyx məqbərəsinə ənənəvi dini ziyarət), Banqladeş (Jamdani toxuculuğunun qədim incəsənəti), Belçika (at belində krevet balıqçılığı) və Çin Xalq Respublikasının (Zhusuan, bilikriyazi hesablama təcrübələri ənənəsi) nominasiyaları qəbul edildi.

Birgə təqdim olunan Kipr-Xorvatiya-İspaniya-Yunanıstan-İtaliya (Aralıq dənizi pəhrizi) və Əlcəzair-Mali-Nigeriya (Tuareq icmasının təcrübə və bilikləri) nominasiyaları da məqbul sayıldı. Həmçinin Portuqaliya, Efiopiya (İsa Məsihin xaçının tapılmasının anma bayramı), Fransa (Limuzen - yeddiillik sərgi), Gürcüstan (qədim gürcü Qvevri şərabının hazırlanma ənənəsi), Hindistan (Sankirtana, ritual oxuma, baraban çalma və rəqs), İtaliya (xristian katolik ənənəsi ilə bağlı mərasim), Yaponiya (Vaşoku - Yeni ilin qeyd olunması ilə bağlı ənənəvi pəhriz mədəniyyəti) və Qırğızıstanın (Qırğız epik trilogiyası: “Manas. Semetey. Seytek”) təqdim etdikləri qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul olundu.

Qazaxıstan müraciətini geri götürdü, İran İslam Respublikasının nominasiyası (İran ənənəvi təbabəti) yenidən işlənilməsi üçün komitəyə qaytarıldı. Avstriya, Boliviya və Xorvatiyanın faylları isə qəbul olunmadı.

 

* * *

Dekabrın 5-də günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na təqdim olunan nominasiyaların müzakirəsi davam etdi.

İclasın sədri müzakirələrə başlamazdan əvvəl UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubiley mərasimi ilə bağlı Bakıda keçirilən tədbirə qatıldığını bildirdi və iştirakçı dövlətlər adından qonağı salamladı. K.Matsuuranın quruma rəhbərliyi dövründə qəbul edilən mühüm qərarların bəşəriyyətə verdiyi töhfələrdən söz açan Ə.Qarayev onun qeyri-maddi mədəni irsin qorunması, ümumiyyətlə, UNESCO tarixində böyük xidmətləri olduğunu vurğuladı.

Sonra nominasiyaların müzakirəsi başlandı. Bildirildi ki, reprezentativ siyahıya təqdim olunan son 12 nominasiya Hökumətlərarası Komitə və məşvərətçi qurum tərəfindən qiymətləndirilib.

İlk olaraq Monqolustan kalliqrafiyası - taxta üzərində xəttatlıq nümunəsi ilə bağlı nominasiyaya baxıldı. Məşvərətçi qurum bildirdi ki, Monqolustanın təqdim etdiyi qovluq bütün elementləri özündə əks etdirir və komitənin faylın qəbulu ilə fikri müsbətdir. Üzv ölkələr faylla bağlı heç bir şərh və etiraz bildirmədiklərinə görə Monqolustanın nominasiyası UNESCO-nun siyahısına daxil edildi.

Sonra NigeriyaEyo Maskarad” (Tanrıya ithaf olunan rəqs və bayram) adlı nominasiyasını təqdim etdi. Lakin bu faylda çatışmazlıqları nəzərə çatdıran katiblik bu nominasiyanın qəbuluna müsbət rəy vermədi. Çin, Braziliya, Namibiya, Uqanda, Tunis, Belçika, Qranada və digər ölkələr Nigeriyanın təqdim etdiyi faylla bağlı şərh verdilər. Bildirildi ki, faylda ziddiyyətlər var və sənədə müəyyən əlavə və dəyişikliklər edilməlidir. Nigeriya tərəfi öz nominasiyasını müdafiə edən dəlillərlə çıxış etdi və gərgin müzakirələrdən sonra fayla üç meyar əlavə edilməklə nominasiyanın qəbuluna razılıq verildi.

Daha sonra müzakirələr nəticəsində Perunun (Qvesviçaka körpüsünün yenilənməsi adəti), Koreya Respublikasının (kulinar adətini əks etdirən nominasiya), Rumıniya və Moldovanın müştərək təqdimatı (ayin, folklor, rəqs və oyunlar adəti), Seneqalın (milli adəti əks etdirən nominasiya), Slovakiyanın (Qorçiva instrumental ifaçılıq sənəti) nominasiyaları qəbul olundu.

Həmçinin Makedoniyanın mədəni irsini əks etdirən nominasiya, Türkiyənin qəhvə mədəniyyətini əks etdirən nominasiya, Venesuelada yaşayan yerli icmanın folklor nümunəsi, Cənubi Vyetnamın 27 klassik musiqini özündə birləşdirən folklor nümunəsi və Ukraynanın Petrikiv sənət növü “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edildi.

Bütün nominasiyaların qəbulu zamanı üzv ölkələrin şərh və əlavələri, nominasiyasını təqdim edən ölkənin fikirləri diqqətlə dinlənildi. Uzun sürən müzakirələr deməyə əsas verir ki, təqdim edilən fayllar üzərində ölkələr böyük səylə işləmiş, təqdim edilən qovluqlarda elementlərin çatışmazlıqlarını aradan qaldırmaq üçün bütün vasitələrdən istifadə etmişdilər. Elə ölkələr var idi ki, onların nominasiyaları ilk oxunuşdan heç bir əlavə və şərhə, müzakirəyə ehtiyac olmadan qəbul edilirdi. Buna misal olaraq Türkiyə, Vyetnam, VenesuelaPerunun nominasiyalarını göstərmək mümkündür. Nominasiyaların qəbulu zamanı ən uzun sürən müzakirələr Ukraynanın təqdim etdiyi faylla bağlı oldu.

Ukrayna öz sənət nümunəsinin UNESCO siyahısına daxil edilməsi üçün gərgin mübarizə aparmalı oldu. Yunanıstan, Azərbaycan, Qırğızıstan, Misir, Nikaraqua, İndoneziya və digər ölkələrin şərh və əlavələri dinlənildikdən sonra fayl qəbul edildi.

Onu da qeyd edək ki, PeruVenesuela, Rumıniya və Moldova nümayəndələri nominasiyaları qəbul edildikdən sonra elə iclas zalında öz folklor nümunələrini nümayiş etdirdilər. Bu da böyük marağa səbəb oldu. Slovakiya əlavə olaraq mədəni proqramla çıxış edəcəyi haqqında məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Nominasiyaları qəbul edilən hər bir ölkə UNESCO-nun rəhbərliyinə və Azərbaycan hökumətinə Konvensiyanın 10 illik yubileyi ərəfəsində təşkil edilən möhtəşəm tədbirə və yüksək təşkilatçılığa görə minnətdarlıqlarını bildirdilər.

İclasın sonunda sədr Əbülfəs Qarayev sözü UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuraya verdi. Nominasiyaları qəbul edilən ölkələri ürəkdən təbrik edən sabiq baş direktor qalan ölkələrə də təqdim etdikləri qovluqlar üzərində daha da səylə çalışmağı məsləhət gördü.

Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubileyini təbrik edən K.Matrsuura ötən dövr ərzində görülən işlərin bəşəriyyətə böyük töhfələr verdiyini və Konvensiyanın yüksək mövqeyə malik olduğunu vurğuladı: “Mən bu gün Konvensiyanın əldə etdiyi nəticələrdən qürur duyuram”.

 

Fəxriyyə Abdullayeva

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 4.