“Azərbaycan və UNESCO arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

 

“Daim inkişaf edən və möhkəmlənən UNESCO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar yaratmışdır”.

 

Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasına müraciətində vurğulanır.

Sessiyasının işinə və bütün iştirakçılara uğurlar arzu edən dövlət başçısı tədbirin “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın 10 illik yubileyinə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu diqqətə çatdırır: “Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunmuşmühüm layihələr gerçəkləşdirilmişdir. UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olmuşdur”.

Müraciətdə qeyd olunur ki, Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz bayramının, xalqımızın maddi mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.

Dövlət başçısı 2013-cü ilin iyul ayında Azərbaycanla UNESCO arasında təhsil, elm, mədəniyyət və informasiya sahələrində əməkdaşlıq haqqında Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini vurğulayır: “Azərbaycan və UNESCO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşqlobal çağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlamışdır. Əminəm ki, sessiyanız öz qərarları ilə ümumbəşər mədəni irsinin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcəkdir”.

 

Mədəniyyət.- 2013.- 6 dekabr.- S. 2.