Qadına qarşı zorakılıq müzakirə olundu

 

Əslində cinsiyyət və mənsubiyyətindən asılı olmayaraq, zorakılıq, onun hər bir forması yolverilməz və bütün sivil qanunlara ziddir. Amma təəssüflər olsun ki, bu gün cəmiyyətin istənilən sferasında, maddi və mənəvi təminatından asılı olmayaraq istənilən zümrələr arasında bu hala, zorakılığın hər hansı formasına rast gəlinir.

 

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdindəki ilk təşkilatların “Gender bərabərliyi və qadın problemləri üzrə” komissiyalarının sədrləri və üzvlərinin iştirakı ilə keçirilən seminarda bu mövzu ətrafında maraqlı müzakirələr aparıldı, zorakılıq hallarının aradan qaldırılması üçün maarifləndirmə işinin genişləndirilməsi önə çəkildi.

Komitənin sədri, AHİK-inGender bərabərliyi və qadın problemləri üzrə” mərkəzinin rəhbəri Cəmilə Səttarova tədbirdə çıxış edərək cəmiyyətdə, məişət və ümumilikdə ictimai mühitdə zorakılıq halları, onun müxtəlif formaları və ümumilikdə cəmiyyətin aparıcı qüvvəsi olan qadınların qarşılaşdıqları bu kimi çətinliklərin aradan qaldırılması üçün onlarla daim təmasda olmanı və ümumilikdə insanların hüquqi biliklərə malik olmasını vacib saydı. Bu mənada maarifləndirmə vasitələrinə üstünlük verməyin vacib olduğunu diqqətə çatdıran C.Səttarova bu mənada yerli həmkarlar təşkilatlarının da üzərinə çox düşdüyünü bildirdi.

Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Vəsilə Mövsümova “Qadınlar və uşaqlar məişət zorakılığının hədəfi kimi”, MİHİ RK-nın əməkdaşı Zaur Həmidov “Qadın zorakılığının gənc nəslə təsiri”, MİMHİ-nin Sumqayıt şəhər komitəsinin əməkdaşı Çinarə Hüseynova “Zorakılıq və mənəvi dəyərlər” mövzularında çıxışlar etdilər, problemə müxtəlif aspektlərdən yanaşmağa çalışdılar.

Tədbirdə həmçinin qəzetimizin əməkdaşı, redaksiya həmkarlar komitəsinin sədri Səbirə Kərimli “Ermənistanın vətənimizə silahlı təcavüzü zamanı ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmış Azərbaycan qadını” mövzusunda çıxış edərək törədilən qətllərdən, ailə üzvlərinin başına gətirilən bəlalardan, müharibənin mənəvi yaralarından danışdı.

 

H.Rüstəmova

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S. 11.