Mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyadakı nüfuzunun göstəricisidir

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının yekunları müzakirə olunub

 

Dekabrın 10-da Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının yekunlarına həsr olunmuş iclas keçirilib.

 

Əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, belə genişmiqyaslı, beynəlxalq səviyyəli tədbirə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi, ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Sessiyada iştirak edən əcnəbi qonaqlar, UNESCO Hökumətlərarası Komitəsi, katiblik tədbirin yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə böyük qonaqpərvərliklə qarşılandıqlarını vurğulayaraq Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən silsilə beynəlxalq tədbirlər ölkəmizi dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib.

Nazir diqqətə çatdırıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçib, 116 ölkədən 611 nəfər (katibliklə birlikdə) sessiyada iştirak edib. Tədbirin iştirakçılarının ümumi sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə yaxın olub və budəfəki sessiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin tarixinə ən çox iştirakçı sayı olan iclas kimi düşüb. Sessiyada UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınmaq üçün 12 nominasiya irəli sürülsə də, cəmi 4 ölkənin - Azərbaycan, Qvatemala, Monqolustan və Uqandanın nominasiyaları daxil edilib.

“Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na salınmaq üçün 31 nominasiya irəli sürülübonlardan 25-i qəbul olunub.

Hökumətlərarası Komitənin Bakı sessiyası həmçinin təşkilatın "Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya"sının 10 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır.

Sessiya Azərbaycanda internet vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki sessiyalarından iki dəfə artıq - gün ərzində 14300 nəfər olub.

Nazir çıxışında xüsusi olaraq qeyd edib ki, UNESCO Hökumətlərarası Komitəsinin Bakı sessiyasının ölkəmiz üçün ən mühüm nəticələrindən biri xalqımızın qeyri-maddi mədəni irsində mühüm yeri olan "Çövkən"in - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyununun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edilməsidir.

Sessiyanın ölkəmizin mədəni həyatı, beynəlxalq münasibətləri, o cümlədən UNESCO kimi mötəbər təşkilatla qarşılıqlı səmərəli əməkdaşlığının inkişafı baxımdan mühüm əhəmiyyətini vurğulayan nazir Əbülfəs Qarayev tədbirin yüksək səviyyədə təşkilində və uğurla həyata keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2013.- 11 dekabr.- S.2.