Qonaq gəlib bizə dostlar

 

Dekabrın 11-də Bakı şəhəri gözdən əlil uşaqlar üçün 38 saylı onbirillik musiqi məktəbində maraqlı konsert proqramı təqdim olundu. Tədris ocağına qonaq gələn Georgi Şaroyev adına 35 saylı onbirillik uşaq musiqi məktəbinin şagirdləri həmyaşıdlarına musiqi hədiyyəsi gətirmişdilər.

 

Tədbirdə çıxış edən 35 saylı uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Yusif Vəliyev bildirdi ki, konsertin əsas məqsədi fiziki qüsurlu uşaqlarda bu təhsil ocağında tədris olunmayan musiqi alətlərinə maraq oyatmaqdır: “Biz bu məqsədlə 38 saylı məktəbə əlimizdən gələn köməyi etməyə hazırıq. Bu, bizim mənəvi borcumuzdur. Belə tədbirlər gələcəkdə də davam etdiriləcək”.

Gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin direktoru Əsab Əliyev tədbiri əlamətdar hadisə adlandırdı. Konsertin təşkilinə görə həmkarı Yusif Vəliyevə və 35 saylı musiqi məktəbinin kollektivinə təşəkkürünü bildirdi.

Tədris ocağı barədə məlumat verən Əsab Əliyev qeyd etdi ki, məktəb 1980-ci ildə yaradılıb. Əvvəllər Korlar Cəmiyyəti nəzdində ixtisaslaşdırılmış uşaq musiqi təhsili ocağı kimi fəaliyyət göstərən məktəb hazırda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. Məktəbdə 200 şagird 7 ixtisas - tar, kamança, qarmon, nağara, pianino, skripka və xanəndəlik üzrə təhsil alır.

Musiqi məktəbi mədəniyyət tədbirlərdə fəallıq göstərir. Bu il Gənclər və İdman Nazirliyinin ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə təşkil etdiyi “Şərq nağılı” adlı əlilliyi olan gənclərin yaradıcılıq festivalının iştirakçısı olub. Noyabrın 26-da isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi əlillərin 6-cı bədii yaradıcılıq baxış-müsabiqəsində məktəbin “Duyğu” ansamblı və xor qrupu nümunəvi çıxış edərək diplompul mükafatlarına layiq görülüb.

Sonra 35 saylı musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin piano üçün "Fikirli pyes", Niyazinin “Vətən nəğməsi”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən parça, Volfqanq Amadey Motsartın “Vals”, Herbert Klarkın “Debüant”, Vasif Adıgözəlovun “Yuxular” əsərləri təqdim olundu. Yeniyetmə ifaçıların çıxışları maraqla qarşılandı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 11.