Kamran Hüseynov surəti

 

Bu real obrazı müəlliflər müəllifi Həyat özü yaradıb...

 

Hə, tarixən tək elə bədii ədəbiyyat surətləri yox, ali istehsalat, iqtisadiyyat, dövlət, hökumət obrazları da olub, var, olacaq. Hər ikisində müsbətləri də olur, mənfiləri də. Bu bölgüdəkilərin oxşarlıq-fərqlilikləri də bəlli. Amma bunlar arasında (bəzən fərqinə varmadığımız) predmet fərqi də var: ədəbiyyat əsasən “ola bilən”ləri, həyat isə yalnız “olan”ları təqdim edir...

 

...Mənsəbdə aydınlıq üçün balaca bir mənbə-mənşə epizodu: Deyirlər, Kamranın atası Əsəd kişi ailə qurmaq istərkən ortaya bir əmma çıxır. Belə ki, sevgilisi bəy nəsli olduğundan qız evi bu izdivaca qol qoymaq istəmirmiş. Nəhayət, onlar qızla oğlanın biri-birlərini bərk sevdiklərini görüb, oğlan evinin qarşısında elə bir şərt-sövdə qoyurlar ki, yerinə yetirə bilməsinlər və bunlar da bəhanə edib qızı verməsinlər. Amma bu “əmma”nı yaxşı duyan ağbirçək - 9 ay, 9 gün, doqquz saatdan sonra Kamranın nənəsi olası dünyagörmüş Şahsənəm arvad əhvalatı eşidərkən soruşur ki, qız evi nə istəyir, Əsəd cavab verir ki, çoxlu düyü, yağlı qoçlar və bir dənə də diri dana. Şahsənəm nənə “burda nə var ki?” deyib, xərci-xəsaratı hazırlatdırır, gedib “hə”ni alır və qız evinin həyətindən çıxanda arxaya qanrılıb deyir:

 

Sizə verdik bir dana,

Sizdən aldıq bir sona,

Di qalın yana-yana!

 

Bax, belə... Bu surət öz mənəvi sir-sifətini həmin o şifahi xalq əda-ədviyyatından alıb...

Bu obrazın himi Qubadlının Çərəli adlı ucqar... (üç nöqtə duruxmama Balzakın “Dahilər ucqarlarda doğulur, Parisdə ölür” deyimi səbəb oldu) bir kənddə qoyulub. Bu canlı əsərin o vaxtlar yazılmayan “yaş kağızı” (doğum şəhadətnaməsi) hesabıyla - 15 dekabr 1913-cü ildə. Amma sözügedən “surət”in sonralarkı universal inkişaf dinamikası, 93 illik ömrün biri-birindən maraqlı və mübariz dirilik fəsilləri, iş, əməl, nəsil-şəcərə keyfiyyətləri him edir ki, bu bünövrə çox qədimlərdən atılıb. Yəni, “İş insanın cövhəridir”, “Adam var ki, - adamların naxışıdır”, “...yamanlığa yaxşılıq - ər kişinin işidir”, “Ağac bar gətirdikcə...” kimi atalar sözü və zərb-məsəlləri, “Hamının gedəni gəldi, Bəs mənim balam hanı” kimi bayatı hikmətlərini özündə ehtiva edən belə bir fenomen doğurub-yoğurmaq tək elə bir cüt ata-ana işi ola bilməzdi. Belə bir olu üçün ulu babaların, üzü sulu nənələrin qan-gen damlaları lazım. Belə bir ultra iş-güc, elit-intellekt varlıq üçün zəngin folklor ab-havalı, Aşıq Pəri, Sarı Aşıq butalı Zəngəzur mahalı, Nəbi-Həcər qaçaq-qoçaqlı Qubadlı elatı gərək. Amma... bütün bu məkan-məskənlər bir yana, ona hər yerdən bir köynək və... minbir göynək yaxın olan Çərəli!..

O balaca, o ucqar kəndin bu böyük övladının, nəticə etibarilə ünlü Azərbaycan oğlunun memuarından iri (və “məqsəd”li) bir parça:

“Qədimlərdə bu kəndin adı Çiyələkli olub. Hər yazağzı bu kəndin ətraf yamacları al-qırmızı çiyələk talalarına bürünərdi. Baxana elə gəlirdi ki, gömgöy otların üzərinə qıpqırmızı yaylıqlar səriblər. Ətri də ki, adamı bihuş edir.

Kəndimiz Hərtiz dağının ətəyində yerləşir. Dəniz səviyyəsindən 1073 metr hündürlükdə olan bu dağın arxası qalın meşəlik, güneyi otluq, yamyaşıl çəmənlik, aləmi tamaşaya çağıran, çiçəyi-çiçəyinə qovuşan bir yer! Qış səngiyər-səngiməz, hamı çalışardı ki, oralardan bir parça torpaq çəpərləyib, biçənək eləsin. Mənsə o vaxtlar uşaq idim və oralara ancaq tamaşa edərdim... Xudaya, o biçənəklərdəki çiçəklərə nə qədər kəpənək qonardı! Qəzəl-qəzəl çiçəklər və gözəl-gözəl, alabəzək kəpənəklər!..

Yuxarıda mötərizəarası verdiyim “məqsəd”imin açması isə bu ki, deməzsizmi, belə bir gözəl ədəbi-bədii fraqmentin müəllifi əgər orada orta təhsil alsaydı, maddi ehtiyac üzündən paytaxta vaxtından xeyli əvvəl yox, həmin o təbii Hərtiz, Bərgüşad-Həkəri peyzajstanında, Şahsənəm nənə kimi doğal, canlı portretlər diyarında yetkinlik yaşının tamamınadək qalıb gəlmiş olsaydı, böyük ədib də ola bilərmiş...

 

Yaxşı ki!..

 

“İkibaşlı” arzu-nidadır bu. Yəni onun tək elə ədib olmamasıyla deyil, həm də - heç zaman yazar qıtlığı çəkməmiş xalqımızın bu praktik istedadlısının yazmaq peşinə getməyib, yazdırmaq işinə qol qoymasıyla ilgilidir. Var - tarixi yaradanlar, var - onu yazanlar. Axı yaradanlar yaratmasa, yazanlar nə yazacaqlar?! Necə ki, o özü də yazılarının birində Səməd Vurğuna istinad-ilgili sözlər deyib: “Vəzifədə işləyərkən ürəklə iş aparmaq üçün, ən birinci, təmiz olmalısan. Yoxsa bəzi vəzifə əyanları kimi, saat 8-9-da işə gəl, tanışlarınla danış, sonra çay iç, saat 12-də get yeməyə, 14-də nahardan qayıt, 18-də evə get... Beləsi bəzən telefona da cavab vermir, istəmədiyi adamı qəbul etmir. Bu əyan heç kəsə gərək deyil. Səməd Vurğun yaxşı deyir: “Gecə fikir, gündüz fikir. Nə yurd salır, nə dam tikir...”

Yuxarıdakı “yaxşı ki...” yarımbaşlığı bunlarla bitmir...

Yaxşı ki, o illərdə “sovetlər Bakısı”nın neft sənayesi fəhlə qıtlığı çəkirmiş, yoxsa işçi axtarışına çıxanlar Qubadlı-Zəngilan səfəri də etməz, cibində 50 qəpik olan Kamran da oradan yığılan 200 nəfərlik “binəsiblər dəstəsi”nə qoşulub dəmiryol stansiyasına gəlməzdi. Orada isə - onsuz da gec-gec gələn qatarın “əlavə gecikmə xoşbaxtlığı sayəsində” iki vaqon taxıl yükləyib, irəlicədən edilən “sövdə-müqavilə”dəki 100 manat əvəzinə, evində yaxaladığı stansiya rəisindən 20-cə manat qoparmaqla, bərkə-boşa düşməz və nəhayət, Bakıya yetib, “Duda” zavodundan başlanan əzab-əziyyətli, namus-vicdanlı fəhləlik, briqadirlik, rəislik, katiblik pillələri qalxıb, şərəf-şöhrətli Baş nazir müavini (o vaxtlar Respublika Nazirlər Soveti sədrinin müavini) postuna yüksəlməzdi.

Neft sənayesindən başlanan və subay-salıq fəhləlik qazancı ilə uzaq-ucqardakı ailəsinin, briqadir-rəislik zamanları ətrafındakı imkansızların, katiblikdə el-elatın, Baş nazir müavinliyində doğma məmləkətinin çırağını yandırma yolunun adlı-sanlı Yolçusu olub Kamran Hüseynov...

 

O yol...

 

O yol çox uzun olub - özünün sürdüyü 93 illik ömür yolundan çox uzun. Həm müstəqim, həm məcaz-mənəvi mənada. Memuar və digər kitablarında dolayısıyla öz universal obrazını da canlandırmış bu çox ciddi Kişi, yeri gəldikcə şeirləyib də deyə, bu məqamda bir şairin (Qabilin) “Qış gecəsi uzun olur, çox uzun, Lakin onu utandırdı - hörükləri bu qızın” misralarını xatırlamaya bilmirəm. Və həmin “o yol”la əlaqədar, başqa bir ədibdən (Anardan) iqtibasa da ehtiyac duyuram: “Qəzetimizdə səhv getmişdir: “Hər şey zəhmətkeşlərindir” əvəzinə, oxunmalıdır: “Hər şey zəhləmgetmişlərindir”. Hə, indi arxayınca yazmaq olar ki, Kamran Hüseynov ilk zəhmətkeşliyə başladığı həmin “Duda” zavodunun yataqxanasından Binə orta məktəbinədək 5 kilometrlik yolu 500 dəfədən çox gedib-gəlib. “Yekə kişi” yaşında birinci sinif şagirdlərilə oturmasıyla çox çətin bir utanmamaq yolu keçib. Fəhm-fərasətilə bir ildə dörd sinif, üç ildə tam orta məktəb, ardınca texnikum bitirmək, iş-güc çoxluğundan Xarkov (Tikinti Sənaye İnstitutu) və Moskvada yarı-yarımçıq, 1938-ci ildə daxil olduğu Bakı Neft-Kimya İnstitutunda isə tam ali təhsil magistral-yolu...

Və yaxşı ki, çoxdan bəri çoxlarının, bu an isə mənim yazımın qəhrəmanı olan bu real obraz haqda çox yazılıb. Yəni burada Kamran Hüseynov aləmini detallaşdırmağa, öz şirəli diliylə desəm, - həyat və fəaliyyətinin “cikinə-bikinə” getməyə - tutalım, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, Sumqayıt şəhər, Mingəçevir, Cəlilabad, Binəqədi rayon partiya komitələrinin birinci katibi işlədiyi, M.C.Bağırovun “Ey, Sultan bek (qəhrəman Laçın balası Sultan bəyə “namyok”la), sabahdan Mingəçevirə gedirsən, məlum və məşhur SES-i sən tikirsən!” əmrini necə yüksək peşəkarlıq və əzmlə yerinə yetirməsi dönəmləri ilə əlaqədar geniş abzaslar açmağa ehtiyac yoxdur. Qulu Məhərrəmli, Mehdi Mükərrəmoğlu, Esmira Fuad və başqa imzalı həmin o gözəl mətbu yazılarda, şair Vaqif Bəhmənlinin “İlin beşinci fəsli. Kamran”, publisist Xeybər Göyyallının “Görkəmli adamların həyatı” seriyasında çap etdirdiyi “Kamran Hüseynov” kitablarında bu mükəmməl xalq və dövlət adamının, aydın ictimai xadimin obrazı hərtərəfli surətdə canlanır.

 

Zər qədrini...

 

zərgərlər, ər qədrini isə - az-çox istisnalarla - hamı bilir. İyirmi beş il əvvəl məni Qubadlıdan Cəbrayıla gətirən bir qoca taksi sürücüsü də həmin hamıdan biri. “Yola körpü” üçün sözarası dedim “nə rahat yoldu bu yol”, həmin sürücü dastani bir “Eloğlu Kamran” söhbəti saldı. Bəlli oldu ki, bir vaxtlar bu sürücü Nazirlər Kabinetinə - Kamran Hüseynovun adına fasiləsiz məktublar yazır, cavab məktubları isə rayon partiya komitəsində it-bata salınırmış. Həmin cavab məktublarında vəd edilirmiş ki, yolları daha bərbad olan Kəlbəcər rayonunda işləri başa vuran kimi, növbə Qubadlınındır. Və məsələ həmin sürücünün son sözlərindəki kimi həll olunur: “Ee, bu yolun on-on beş il əvvəlki günlərini görəydin! Yol döyüldü ha, maşın gedəndə təkərlər “dıp-bıdı-bıdım” eləyirdi! Allah Kamran müəllimin canını sağ eləsin, hamı kimi, bizim də canımızı bu yolsuzluq zülmündən qurtardı!”

Bu məqam yadıma düşən başqa - “yad” (Belinski) bir deyimin də bir suyu Kamranlığa çəkir: “Sən bir musiqi, mahnı haqda saatlarla danışıb, səhifələrlə yazsan da, müsahibin, yaxud oxucun bundan çox az bəhrələnəcək. Lakin sən onu bircə kərə səsləndir!”

Bu fikri Kamran Hüseynovla bağlı qənaətimə də transfer etmək olar. Yəni ona dair nə qədər “və sair”, “və ilaxır” yazsan da... hələ o deyil, o olmayacaq. Lakin onu bircə kərə görəydin!..

Təəssüf ki, mən də onu yalnız bir jurnalist kimi görə bildim o vaxtlar...

Daha bir əcnəbi mütəfəkkirin fikrindən isə, onu görmədən də xatircəmlənmək olar. Böyük Tolstoy yaxın dostlarından birinin “- Necəsən, necə yaşayırsan, Lev Nikolayeviç” sualına belə cavab verir: “- Allaha şükür, narahatam!..

Böyük şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı sözlərini isə elə hamının fikri kimi qəbul etmək olar: “Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan, Kamran!”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2013.- 13 dekabr.- S. 10.