Milli cazın banisi anıldı

 

Dekabrın 16-da Azərbaycanın görkəmli caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadənin (1940-1979) vəfatının ildönümü ilə bağlı Bakı Caz Mərkəzində xatirə gecəsi keçirildi. Mərkəzin səhnəsi yeni dövrün tanınmış cazmenlərinin maraqlı çıxışları ilə coşdu. Onlar Vaqif Mustafazadənin əsərlərini ifa edərək təkrarsız sənətkarın yoxluğunu, bu yoxluğun zamanla daha çox hiss olunduğunu bir daha xatırlatmış oldular.

Salman Qəmbərov (piano), Mircavad Cəfərov (ud), Elbəy Məmmədzadə (piano), Elçin Şirinov (piano), Ruslan Hüseynov (bas-gitara), Tofiq Cəfərov (perkusiya), Rauf Sultanov (kontrabas) və Diana Hacıyevanın (vokal) təqdim etdiyi ifalar alqışlarla qarşılandı.

Vaqif Mustafazadənin anım günü münasibətilə daha bir tədbir bəstəkarın Bakıdakı ev-muzeyində gerçəkləşdi. Həmin tarixdə muzeydə ənənəvi olaraq “Açıq qapı” günü elan edilmişdi. Muzeyə təşrif buyuran musiqisevərlərə Vaqif Mustafazadənin yaradıcılığı, caz sənəti tarixində rolu barədə məlumatlar verildi, pianoda bəstəkarın musiqiləri ifa olundu, sənət əsərləri, cazmenin həyat məqamlarını əks etdirən şəxsi əşyaları, foto və digər materiallar nümayiş etdirildi.

 

Həmidə

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 11.