Gələn il Bolqarıstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

 

“Bolqarıstandan Azərbaycana, Azərbaycandan isə Bolqarıstana turist axınını artırmaq üçün qarşılıqlı səylərə ehtiyac var

 

Dekabrın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin (Plamen Oresharsky) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

 

Qonaqları salamlayan nazir Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın inkişafından söz açdı, bu xüsusda mədəniyyət və turizm əlaqələrinin prioritet istiqamətlər olduğunu vurğuladı.

Qeyd olundu ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan sənədlər, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin genişlənməsinə zəmin yaradıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə bu əlaqələr yeni layihələrlə daha da zənginləşəcək. İndiyədək iki ölkə arasında mədəniyyət sahəsində müəyyən sazişlər və tədbirlər həyata keçirilibbu uğurla davam etdirilir.

Bildirildi ki, iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafı ilə bağlı məqsədyönlü aparılır. Əbülfəs Qarayev buna misal olaraq Bakıda keçirilən ənənəvi beynəlxalq turizm sərgilərində Bolqarıstanın iştirakını Baş nazirin diqqətinə çatdırdı. Azərbaycanın geniş turizm imkanlarından söz açan nazir bu istiqamətdə əməkdaşlığın perspektivlərindən bəhs etdi. Bildirdi ki, Bolqarıstandan Azərbaycana, Azərbaycandan isə Bolqarıstana turist axınını artırmaq üçün qarşılıqlı səylərə ehtiyac var.

Nazir bolqarıstanlı jurnalistlərin ölkəmizə səfər etməsi və “Azərbaycan bolqarıstanlı turistlərin gözü ilə” mövzusunda materialların hazırlanması təklifi ilə çıxış etdi. Qeyd olundu ki, eyni zamanda Azərbaycandan Bolqarıstana belə bir səfər təşkil edilə bilər. İkitərəfli əlaqələri gücləndirmək üçün yeni saziş və razılaşmalar da həyata keçirilməlidir.

Nazir Azərbaycanda turizmə göstərilən dövlət dəstəyindən danışaraq ölkəmizə turistlərin səfərini asanlaşdırmaq üçün elektron vizanın tətbiqi, viza rejiminin sadələşdirilməsi barədə yenilikləri qonaqların diqqətinə çatdırdı. İki ölkə arasında turist mübadiləsi ilə bağlı statistik rəqəmlərin mədəni və tarixi cəhətdən bir-birinə yaxın olan iki ölkə üçün aşağı göstərici olduğunu vurğulayan nazir qeyd etdi ki, Azərbaycan bu əlaqələri genişləndirməkdə maraqlıdır.

Bu sahədə böyük perspektivlərin olduğunu deyən Əbülfəs Qarayev qonaqları 2014-cü ilin aprelində Bakıda keçiriləcək Dünya Turizm Təşkilatı Avropa Komissiyasının iclasına dəvət etdi. Həmçinin bildirildi ki, 2014-cü ilin ilk aylarında Bolqarıstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Bolqarıstanın Baş naziri Plamen Oreşarski səmimi qəbula görə mədəniyyət və turizm nazirinə dərin təşəkkürünü bildirdi. Ölkələr arasında təkcə mədəniyyət və turizm sahəsində deyil, bütün sahələrdə əlaqələrin daha da genişlənməsi arzusunda olduğunu vurğulayan qonaq Bakıya səfərinin məqsədindən söz açdı. Baş nazir vaxtilə Bolqarıstanın da daxil olduğu sosialist sisteminin dağılması və Sovet İttifaqının süqutundan sonra iki ölkə arasında informasiya mübadiləsinin, əlaqələrin zəiflədiyini qeyd etdi, bu sahədə birgə səylərin daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

Daha sonra tərəflər arasında bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rauf Əliyev və Bolqarıstanın Azərbaycandakı səfiri xanım Mayya Xristova iştirak edirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 18 dekabr.- S. 3.