“Bakı prosesidialoq mərkəzi kimi Azərbaycanın rolunu artıracaq

 

Dekabrın 18-də Bakı Biznes Mərkəzində «Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi»nin 5 illik yubileyi ilə bağlı tədbir keçirildi. 2008-ci ilin dekabrında Bakıda Avropa Şurası və İslam dünyası ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən konfransda əsası qoyulan proses ötən müddətdə Azərbaycan paytaxtını dünyanın mədəniyyətlər və sivilizasiyalararası dialoq mərkəzinə çevirib.

 

Tədbirin açılışında Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə fransız bəstəkarı Kristof Qoze (Christophe Goze) tərəfindən «Bakı prosesi» üçün hazırlanmış «Çoxmədəniyyətli musiqi mübadiləsi» filmi barədə məlumat verdi. Qeyd olundu ki, filmin əsas məqsədi insan, təbiət, dialoq, əməkdaşlıq, musiqinin harmoniyasından ibarət ideyanı diqqətə çatdırmaqdır. 16 dəqiqəlik filmdə 30-dan artıq ölkənin musiqisi, mədəniyyəti öz əksini tapıb: “Bu film vasitəsilə biz mədəniyyətlərin yaxınlaşmasına və dialoq harmoniyasına başqa bir bucaqdan baxmalı olacağıq. Kristof Qoze məşhur bəstəkar olmaqla yanaşı, eyni zamanda bu ideyaya xidmət edən xoşməramlı bir insandır. Azərbaycana olan sevgisi onu belə bir film ərsəyə gətirməyə sövq edib”.

 

«Bakı prosesi» mədəniyyətlərin mübadiləsinə baxışdır

 

«Çoxmədəniyyətli musiqi mübadiləsi» filminin nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Nazir iştirakçıları mədəniyyətlərarası dialoqa dair «Bakı prosesi»nin beşillik yubileyi münasibətilə təbrik edərək bildirdi ki, 2008-ci ilin 2-3 dekabrında paytaxtımızda keçirilən «Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda konfransa 10 İslam ölkəsinin nümayəndələri də dəvət edilməklə yeni bir formatın əsası qoyuldu. Avropaona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanın təşəbbüsü ilə «Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi» qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, irəli sürdüyü tövsiyələr «Bakı prosesi»nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb oldu.

Nazir qeyd etdi ki, «Bakı prosesi»nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə paytaxtımızda keçirilən İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olundu: “Beləliklə, ilk dəfə məhz Bakıda Avropanın mədəniyyət nazirləri İslam ölkəsinin nazirləri ilə bir masa ətrafında fikir mübadiləsi apardılar. Konfransda Avropa Şurası ölkələri ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoq mövzusunda dəyirmi masa keçirildi və birgə kommunike qəbul edildi”.

2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı və BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda mədəniyyətlərarası dialoq üzrə Dünya Forumunun keçiriləcəyini elan etdi. 7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə I Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə gerçəkləşdi.

Bakı Forumu ilk tədbir idi ki, onun təşkilində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar tərəfdaş kimi çıxış edirdilər. Forumda 102 ölkədən nümayəndə iştirak etdi. Birinci forumun yüksək səviyyədə keçirilməsi və Azərbaycanın təşəbbüsünün geniş əks-səda doğurması nəticəsində dünyanın digər nüfuzlu qurumları bu prosesə qoşulmaq niyyətini ifadə etdilər. Ona görə də 29 may-1 iyun 2013-cü il tarixində Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkilati baxımdan daha geniş dəstək aldı. Forumun əsas tərəfdaşları sırasına BMT-nin Dünya Turizm Təşkilatı da qoşuldu. Növbəti Foruma rəsmi tərəfdaş olmaq məqsədilə artıq Ərəb Dövlətləri Liqasından müraciət daxil olub.

 

Bu proses Azərbaycanın uğurudur

 

Əbülfəs Qarayev qeyd etdi ki, bu təşkilatların ilk dəfə məhz Azərbaycanda keçirilən tədbirdə bir araya gəlməsi olduqca əlamətdar haldır. Bunun səbəbi Azərbaycanın bütün beynəlxalq təşkilatlarla səmimi münasibətlər qurması və bu siyasətin böyük dəstək qazanması ilə bağlıdır: “Ona görə də indi Azərbaycanda daha geniş formatda tədbirlər keçirilir. Beynəlxalq status almış Bakı Humanitar Forumu, gənclər forumlarının keçirilməsi də ənənəyə çevrilib. Bununla “Bakı prosesidaha da genişlənmə haqqını sübut etdi. Dekabrın əvvəlində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qoruması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasının keçirilməsi də bizim üçün bir sınaq idi. Bu tədbir indiyə qədər keçirdiyimiz forumların, konfransların məntiqi nəticəsi oldu”.

Beş illiyini qeyd etdiyimiz «Bakı prosesi» nüfuzlu beynəlxalq təşkilatların sənədlərinə bu adla daxil olubsa, deməli, bu, Azərbaycanın uğurudur. Mədəniyyətlərarası Dialoq Forumu və “Bakı prosesi” artıq beynəlxalq siyasi-mədəni terminologiyada öz yerini tutub. 2015-ci ildə keçiriləcək III Foruma ciddi layihə və proqramlarla hazırlaşırıq. Əminliklə deyə bilərik ki, «Bakı prosesi» təşəbbüsü ildən-ilə güclənəcək, nüfuzlu tərəfdaşların sayı genişlənəcək və beynəlxalq aləmdə mədəniyyətlərin və sivilizasiyaların dialoq mərkəzi kimi Azərbaycanın rolunu daha da artıracaq».

 

Bakı Forumu beynəlxalq sülhə, dialoqa və əməkdaşlığa töhfədir

 

Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi bu il «Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq» şüarı altında Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatını təqdim etdi. Mayk Hardi qeyd etdi ki, bu regional tədbir beynəlxalq miqyasda sülhə, dialoqa, anlaşmayasivilizasiyalar arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. O, 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan III Forumla bağlı tövsiyələrini də verdi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edərək bildirdilər ki, ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi təsadüfi deyil. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir. Ölkəmiz həm İslam dünyası, həm də Avropa təşkilatlarının üzvü olmaqla, hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirərək mədəniyyətlərin dialoqu prosesində körpü rolunu oynayır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 5.