Dünya, bir sirrini aşkar et mənə

 

Nigar Rəfibəylinin 100 illiyinə həsr edilmiş dəyirmi masa

 

Dekabrın 25-də “Park İNN” hotelininNəsimizalında Mədəniyyət Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirildi.

 

Tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov açaraq, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsinin həyat yaradıcılığından danışdı. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli sərəncamına uyğun olaraq Xalq şairinin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilir. Dəyirmi masa da bu silsilə tədbirlərdəndir: “Xalq şairi Nigar Rəfibəylinin poeziyası hər zaman ədəbiyyat, şeiriyyat sevənlərin marağını çəkib, əsərləri sevilərək oxunub. Bəstəkarlar şairin şeirlərinə musiqi bəstələyib. Həmin mahnılar müğənnilərimiz tərəfindən bu gün yüksək zövqlə ifa olunur”.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı qeyd etdi ki, mədəniyyət tariximizdə çoxlu qadın sənətkarlarımız olub. Onlar incəsənətin müxtəlif sahələrində, xüsusilə ədəbiyyatda, rəssamlıqda, teatrda, kinoda dəyərli örnəklər yaradıblar: “Azərbaycan oxucusu Nigar Rəfibəylinin imzasına rəğbətlə yanaşıb. Məlumdur ki, Nigar xanım Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan, buna görə təqiblərlə üzləşən bir nəslin nümayəndəsidir. Ata-babalarının şöhrətli olmağı sonralar onun həyatında bir çox çətinliklər yaradıb. Ağır sınaq illərində ona ömür-gün yoldaşı, görkəmli şair Rəsul Rza arxa-dayaq durub. Bu iki böyük ziyalı Azərbaycan şeirini sevib, təəssübünü çəkiblər”.

Qeyd olundu ki, Nigar RəfibəylininŞeirləradlı ilk kitabı 1934-cü ildə çapdan çıxıb. Başda görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal olmaqla, kitab haqqında tanınmış ədəbiyyat nümayəndələrinin müsbət yazıları mətbuatda dərc edilib. Nigar xanım həmin il Yazıçılar Birliyinə üzv qəbul olunub. 1967-ci ildə Əməkdar mədəniyyət işçisi, 1981-ci ildə isə Xalq şairi adına layiq görülüb.

Nigar Rəfibəyli şeirlərinin qayəsini Vətən, ana, təbiət, uşaq dünyası, insan sevgisi, dünya gözəllikləri s. mövzular təşkil edir. O, bənzərsiz şairə olmaqla bərabər, tərcüməçi kimi fəaliyyət göstərib. Dünya şöhrətli mütəfəkkir Məhsəti Gəncəvinin rübailərini ana dilimizə tərcümə edib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları, professor Əlizadə Əsgərov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, AMEA Folklor İnstitutundan Nizami Muradoğlu, Atəş Əhmədov, publisist Fatma Həsənqızı Xalq şairinin yaradıcılığının ideya-sənətkarlıq məziyyətlərindən söz açdılar.

Sonda Nigar Rəfibəylinin oğlu, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin sərəncamı ilə Nigar Rəfibəylinin 100 illik yubileyinin ölkəmizlə yanaşı, respublikamızın hüdudlarından kənarda - Rusiya, Almaniya Türkiyədə keçirilməsindən çox şad olduğunu dilə gətirdi, tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 29 dekabr.- S. 6.