Azərbaycanın xalça dünyası rusiyalı rəssamın yaradıcılığında

 

   İqor Burqanov: “Mən bu ölkənin mədəniyyətini doğma hesab edirəm və çox sevirəm”

  

   Yanvarın 30-da Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “İqor Burqanov - müasir xalça” mövzusunda elmi konfrans keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və “Burqanov evi” Moskva Dövlət Muzeyi tərəfindən təşkil edilmişdi.

  

   Konfransı giriş sözü ilə Xalça Muzeyinin direktoru Röya Tağıyeva və Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açdılar. Qeyd olundu ki, 2012-ci ilin may ayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Rusiyanın Əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü İqor Burqanovun “Müasir xalça” adlı sərgisi açılıb. Sərgiyə ictimaiyyətin marağını nəzərə alaraq ötən ilin iyununda İqor Burqanovun toxuduğu müasir xalça sərgisinə həsr olunmuş ən yaxşı elmi-sənətşünaslıq məqaləsinə görə “Sərhədsiz incəsənət: Azərbaycanın xalça dünyası İqor Burqanov yaradıcılığında” adlı müsabiqə elan olunub. Hazırkı konfrans da müsabiqənin yekunlarına əsasən təşkil edilib.

   Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev layihənin əhəmiyyətini vurğuladı: “İqor Burqanov Azərbaycan mədəniyyəti ilə yaxından tanış olaraq xalqlarımız arasında sənət mübadiləsinə öz töhfəsini vermişdir. Burqanovlar nəslinin hər iki ölkə mədəniyyətinə verdikləri töhfələrə daha biri də əlavə olundubu layihə ölkələr arasında siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də vacibliyini sübuta yetirir”.

   Qeyd edək ki, İqor Burqanov 1973-cü ildə Moskvada, əslən Bakıdan olan sənətkar, Rusiyanın Xalq rəssamı, tanınmış heykəltəraş Aleksandr Burqanovun ailəsində dünyaya gəlib.

   Konfransda rəssamın yaradıcılığı ilə bağlı müsabiqəyə təqdim olunmuş məqalələr barədə məlumat verildi. Məqalələr toplusu (Azərbaycan və rus dillərində 14 məqalə) kitab halında nəşr olunub. Məqalələrdən bir neçəsi konfransda məruzə edildi. Bildirildi ki, müəllif əsərlərində yeni formaobrazlar yaradıb, toxucuların vurduğu naxışları, onların yaradıcılığını təhlil edib. Görkəmli Azərbaycan sənətkarı Tahir Salahovun əsərlərinin rusiyalı rəssamın yaradıcılığına təsiri vurğulandı. Qeyd edək ki, tədbirdə dünya şöhrətli rəssam Tahir Salahov da iştirak edirdi.

   İqor Burqanov özü isə Azərbaycan xalçalarının sirli-sehrli əfsanə olduğunu vurğuladı. “Azərbaycan xalça sənətinə marağınızı nə ilə izah edirsiniz” sualımızı cavablandıran rəssam bunları qeyd etdi: “Azərbaycan xalça sənətinə marağım hələ uşaq yaşlarımdan yaranıb. Çünki atam Bakıda doğulub boya-başa çatıb, gənclik illərini bu şəhərdə yaşayıb və sonra Rusiyaya köçüb. Düşünürəm ki, Azərbaycana, Bakıya vurğunluğum da gendən gəlir. Mən bu ölkənin mədəniyyətini və adətlərini doğma hesab edirəm və çox sevirəm. Xalçaçılıq sənəti böyük zəhmət və yaradıcı əmək tələb edən sənət növüdür. Bundan sonra da yaradıcılığımda Azərbaycanın Xalça Muzeyi ilə əməkdaşlığımı davam etdirmək fikrindəyəm”.

   Əsərlərini kətan üzərində yağlı boya ilə işləyən rəssam XX əsrin əvvəlinə aid rus avanqardının ənənələrini davam etdirərək onu əsərlərində yaradıcılıq süzgəcindən keçirir. Quş obrazı onun yaradıcılığının leytmotivini təşkil edir. “Mavi quş” heykəltəraşlıq obrazından Kuante (Belçika) şəhərində Rusiya döyüşçülərinə ucaldılmış abidədə, Moskvanın Şimali Butovo yaşayış kompleksində, Fili rayonundakı uşaq parkının yaradılmasında istifadə olunub. İ.Burqanov Xilaskar İsa Məsih kilsəsinin yenidən qurulmasında iştirak edib, “Bratislavskaya” metro stansiyasının relyeflərinin müəllifidir. O həm də heykəltəraş-portret ustası kimi də tanınır. Patriarx II Aleksinin, Moskva knyazı Dmitri Donskoyun, imperator II Nikolayın obrazlarını yaradıb.

   SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Burqanovlar ailəsi ilə çoxdan tanış olduğunu, sərginin və konfransın təşkilatçılarına minnətdarlığını bildirdi.

   Tədbirin sonunda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rusiyalı rəssamın yaradıcılığı haqqında ən yaxşı məqaləyə görə müsabiqənin qaliblərinə diplom və mükafatları təqdim etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ofelya Mirzəzadənin “İqor Burqanovun xalça balladaları” məqaləsi 1-ci yerə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Turanxanım Şirzadovanın “Müasir xalçalarda universal mənaların təzahürü” məqaləsi 2-ci yerə, Bakı İdarəetmə və Texnologiya Kollecinin müəllimi Səxavət Umudovanın məqaləsi 3-cü yerə layiq görüldü. Bundan əlavə, müsabiqənin bütün iştirakçıları da diplomlarla təltif olundular.

   Sonda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin mədəniyyət və turizm nazirlinin müavini Ədalət Vəliyevə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevaya Rusiya Rəssamlıq Akademiyasının təşəkkür məktublarını təqdim etdiqonaqlar sərgi ilə tanış oldular.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 1 fevral.- S. 8.