Azərbaycan-İran mədəniyyət və turizm əlaqələri müzakirə olunub

 

   Xəbər verdiyimiz kimi, Tehranda keçirilən "HT&T 2013" beynəlxalq turizm sərgisində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. 26-30 yanvar tarixində gerçəkləşən səfərin gedişində iki ölkə arasında mədəni irsturizm sahələri üzrə danışıqlar aparılıb.

  

   Yanvarın 28-də Azərbaycan nümayəndə heyəti İranın Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatının mədəni irs üzrə sədr müavini Məsud Alavian Sədr ilə görüşüb.

   Görüşdə mədəni irs sahəsi üzrə ekspertlərin mübadiləsi, muzeylər arasında əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu və buradakı abidələrin erməni işğalçıları tərəfindən dağıdıldığını həmkarının diqqətinə çatdırıb. Bildirib ki, bu ərazilərə hazırda Azərbaycanın nəzarət etmədiyini nəzərə alaraq, İranla həmsərhəd bölgələrdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılmasının qarşısının alınmasında İran tərəfinin dəstəyinə ehtiyac var.

   Nümayəndə heyəti İranın mədəniyyət və islami irşad nazirinin müavini Pur Məhəmmədi ilə də görüşüb. Görüşdə iki xalqı birləşdirən amillər içində mədəniyyətin böyük rol oynadığı vurğulanıb. İran rejissorlarının Azərbaycana marağının son zamanlar çəkilən filmlərdə əks olunduğu qeyd edilib.

   Səfər zamanı Azərbaycan Turizm Assosiasiyası və turizm agentlikləri ilə İran turizm agentlikləri arasında da görüş keçirilib. Görüşdə iki ölkənin turizm potensialı, problemlər və gələcək əməkdaşlığa dair geniş müzakirələr aparılıb.

   Yanvarın 29-da nümayəndə heyəti Qum şəhərinə səfər edib və oradakı ziyarətgahlar, mədəni abidələrlə tanış olub.

   Həmin gün nazir müavini N.Səmədovun rəhbərliyi altında nümayəndə heyəti İranın vitse-prezidenti, Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatının sədri Məhəmməd Şərif Mələkzadə ilə görüşüb. Görüşdə mədəni irsturizm sahələri üzrə əlaqələr müzakirə edilib, iki ölkə arasındakı tarixi dostluq münasibətlərindən söz açılıb və İranın hər məsələdə Azərbaycanın yanında olduğu vurğulanıb.

   Səfərin yüksək səviyyədə keçməsi ilə bağlı nümayəndə heyəti adından M.Mələkzadəyə minnətdarlıq bildirilib. M.Mələkzadə Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayevə salamlarını çatdırmağı xahiş edib.

 

 

   Mədəniyyət.- 2013.- 1 fevral.- S. 4.