Naxçıvanda yeni turizm sahələri

 

   Son vaxtlar Naxçıvanda turizm sahəsində müxtəlif layihələr həyata keçirilir. Bu barədə ətraflı məlumat almaq üçün muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Gülbuta Babayevaya müraciət etdik.

  

   Həmsöhbətimiz bölgənin turizm həyatındakı yeniliklərdən söz açdı: “Muxtar respublikada turizmin inkişafı məqsədilə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu il Şahbuz rayonunun Ağbulaq kəndində Turizm və İstirahət Kompleksi istifadəyə veriləcək, muxtar respublikaya gələn turistlər arasında mətbəximizi təbliğ edən “Milli mətbəx yeməkxanası” yaradılacaq. Başqa layihələrin icrası da gündəmdədir”.

   Şöbə müdiri ötən ilimuxtar respublikanın turizm həyatında əlamətdar dövr kimi xarakterizə etdi: “Ötən il ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən Naxçıvana 359 min insan səfər edib. Bu isə bir il öncəki göstərici ilə müqayisədə turist sayının 4,6 faiz artması deməkdir. Bölgənin tarixi-mədəni abidələrinə, ziyarətgahlara, müalicə komplekslərinə gələnlər çoxluq təşkil edir. Xarici ölkələrdən daha çox Türkiyə və İrandan turistlər gəlir. Naxçıvanın mineral suları, Duzdağ Fizioterapiya Xəstəxanası, Darıdağ Balneoloji Müalicəxanası, dini turizm ünvanı kimi tanınan, iki möhtəşəm təbiət abidəsi - İlandağ və Nəhəcir dağları arasında yerləşən Əshabi-kəhf turistlər üçün xüsusilə cəlbedicidir”.

  

   Çimərlik turizmi

  

   G.Babayeva bildirdi ki, muxtar respublika üçün xarakterik olmayan yeni turizm sahələrinin yaradılmasına xüsusi önəm verilir: “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən ötən il çimərlik turizminin inkişafı istiqamətində işlər görüldü. Heydər Əliyev adına Su Anbarı və Uzunoba Su Anbarı ərazilərində çimərliklər yaradıldı. Ağbulaq kəndində yaradılan və bu il turistlərin istifadəsinə veriləcək Turizm və İstirahət Kompleksinin ərazisində iki yaşayış və texniki-məişət binası, yeməkxana tikilib. İnşa edilən hotel tipli otaqlarda qonaqlara yüksək xidmət təklif olunacaq. Ərazidə idman, uşaq-əyləncə meydançaları, açıq istirahət köşkləri yaradılacaq. Kompleks ilin bütün fəsillərində, habelə qışda ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək”.

  

   Regionun turizm potensialının təbliği

  

   Şöbə müdiri muxtar respublikanın turizm potensialının təbliği ilə bağlı işlərdən də danışdı: Tarixi və digər turizm obyektlərinin tanıdılması, turist səfərlərinin təşkili istiqamətində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir. Ötən il mərkəzin yeni binası istifadəyə verildi. Mərkəz eyni zamanda muxtar respublikada turizm məlumat bankının hazırlanmasını həyata keçirir. Mərkəzin saytı fəaliyyət göstərir, regionun turizm potensialı sosial şəbəkələrdə də təbliğ olunur.

   Bundan əlavə, muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyində Naxçıvan diyarının təbiətini, tarixini, folklorunu özündə əks etdirən, o cümlədən Möminəxatun, Gülüstan, Yusif Küseyir oğlu, Qarabağlar türbələri və Gəmiqaya abidəsi haqqında materiallar və onların xəritələri hazırlanıb. Bu da milli-mədəni, tarixi dəyərlərimizi turizm məhsulu kimi təqdim etməyə imkan verir”.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 8 fevral.- S. 8.