Turizm siyasəti, planlaşdırması və idarəçiliyi

 

   Mədəniyyət və turizm şöbələri və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün seminar-treninqlər başa çatıb

  

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı ilə fevralın 4-dən 8-dək bu təhsil ocağında rayon (şəhər) mədəniyyət və turizm şöbələri (idarələri) və turizm informasiya mərkəzlərinin rəhbərlərindən ibarət heyət üçün seminar-treninq keçirilib. «Turizm siyasəti, planlaşdırması və idarəçiliyi» mövzusunda seminarın sonunda iştirakçılara sertifikatlar verildi.

  

   Yekun tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov bildirdi ki, treninqdə verilən məlumatlar bundan sonra rayonlarda turizmin inkişafı istiqamətində görüləcək işlər üçün bir əsas olacaq: «Görəcəyimiz işlər çoxdur. Bu baxımdan rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük məsuliyyət düşür. Turistlərə yerli əhali və müvafiq qurumlar tərəfindən mehriban, qonaqpərvər münasibətin göstərilməsi vacib məqamdır. Hamımız başa düşməliyik ki, hər bir turist ölkənin büdcəsinə müəyyən qədər xeyir verir və bu da nəticə etibarilə ümumi rifaha töhfədir. Bizim kursların da məqsədi mədəniyyət və turizm şöbələrinin, turizm informasiya mərkəzlərinin rəhbərlərini bu istiqamətdə məlumatlandırmaqdır. Onlar da öz növbəsində əhalinin maarifləndirilməsi işini qurmalıdır».

   Rektor bildirdi ki, bu istiqamətdə kurslar davamlı olacaq. Aprel ayında rayon şöbələri və turizm informasiya mərkəzləri rəhbərləri üçün ikinci birhəftəlik təlimlər nəzərdə tutulur.

   Sonra treninq iştirakçısı olan 28 nəfərə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə sertifikatları təqdim edildi. Onlardan 22 nəfər mədəniyyət və turizm şöbələri, 6 nəfər isə turizm-informasiya mərkəzlərinin rəhbərləridir.

  

   İştirakçılar kursları yüksək dəyərləndirirlər

  

   Seminar-treninqin yekunları ilə bağlı təəssüratlarını öyrənmək üçün iştirakçılardan bir neçəsi ilə həmsöhbət olduq.

   Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev son illər ölkəmizdə turizmin inkişafına böyük diqqət göstərildiyini bildirərək belə treninq və kursların əhəmiyyətini vurğuladı: “Turizmin təşkili, bu sahədə yeniliklərin öyrənilməsi vacibdir. Bu baxımdan belə kursların təşkili təqdirəlayiqdir. Beş gün müddətində ATİ-nin əməkdaşları bizə çox maraqlı və lazımlı məlumatlar verdilər. Burada eşitdiyim və əldə etdiyim məlumatlar mədəniyyət və turizm şöbəsinin müdiri kimi bu sahədə mənim fəaliyyətimə kömək edəcək. Seminar çox yüksək səviyyədə təşkil olunmuşdu. Turizmin təşkili, xidmət, dünya turizmi, turistlərə tarixi-mədəni abidələrin təqdim edilməsi, onları bölgələrə necə cəlb etməklə bağlı mövzular mənim üçün maraqlı idi. Turist rayona təkcə istirahət etmək üçün gəlmir. Onları müxtəlif tarixi-mədəni yerlərə aparmaq, onlar üçün maraqlı tədbir təşkil etmək, bölgələrimizin zəngin folkloru, xalq sənətkarlığı barədə məlumatlar vermək lazımdır. Turistlər buna böyük maraq göstərirlər. Bizim rayonda müxtəlif millətlərin nümayəndələri yaşayır, öz folkloru, adət-ənənələri var. Bu zənginliyin təqdimatı ilə bağlı tədbirlər təşkil edə bilərik. İstirahət mərkəzlərinin rəhbərlərinə tövsiyə etmək olar ki, kəndlərə turist marşrutları təşkil etsinlər, o kəndlərin özünəməxsus adətləri ilə gələn qonaqları tanış etsinlər. Bu baxımdan mən bu kursları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu tipli kurslar turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin əməkdaşları üçün də təşkil olunacaq».

   Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva deyir ki, Azərbaycanda digər sahələrlə yanaşı, turizm sahəsinin də inkişaf etdirilməsi üçün son illər müxtəlif layihələr həyata keçirilir: «Bu inkişaf ölkəmizin turizm potensiallı rayonu olan Zaqatalada da özünü göstərir. Rayonda Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və ATİ-nin təşkilatçılığı ilə ildə bir neçə dəfə turizm sahəsində peşəkar kadrların hazırlanması məqsədilə seminarlar, treninqlər təşkil edilib. Turizm İnstitutunda reallaşdırılan bu seminarın əhəmiyyətini isə xüsusi qeyd etmək istəyirəm. Burada bölgələrimizin turizm imkanlarının tanıdılması ilə bağlı, eyni zamanda da bu sahədə olan biliklərin sistemləşdirilməsi istiqamətində aldığımız məlumatlar bizə kömək oldu. Treninqlər zamanı müxtəlif mövzularla bağlı fikirlərimizi bölüşdük. İstərdik ki, gələcəkdə bu səpkidə təşkil edilən kurslarda nəzəri biliklərin verilməsi ilə yanaşı, praktiki işlərə də diqqət yetirilsin. Ölkəmizin turizm məkanları, regionlarda turizm informasiya mərkəzlərinin, muzeylərin işi ilə birbaşa tanışlıq, hesab edirəm ki, daha yüksək nəticə verərdi».

   Həmsöhbətimiz bir məlumatı da diqqətə çatdırdı ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Zaqatala 2013-cü il üçün «Azərbaycanın folklor paytaxtı» elan edilib və bu yaxınlarda bununla bağlı rəsmi təqdimat keçiriləcək: “İl ərzində Zaqatalada bu istiqamətdə görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanıb. Rayonumuzun zəngin folklor irsi var. Onun araşdırılıb üzə çıxarılması və bütün Azərbaycanda təbliğ edilməsi istiqamətində işimizi yüksək səviyyədə qurmağa çalışacağıq».

   «Seminar-treninqdə eşitdiyimiz bir çox məsələlər bizim üçün yeni idi. Məsələn, müəssisələrarası sığortanın həyata keçirilməsi çox vacib və aktualdır». Bunu isə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev dedi. Onun sözlərinə görə, yerlərdə fəaliyyət göstərən turizm müəssisələrinin rəhbərləri də belə kurslara cəlb olunmalıdır: «Çünki əməkdaşlıq qarşılıqlı olmalıdır. Onlar da bilməlidir ki, mədəniyyət və turizm sahəsində çalışan insanların bir-biri ilə anlaşması, onların əməkdaşlıq etməsi hər iki tərəf üçün sərfəlidir. Burada ziyan görən tərəf yoxdur. Hər hansı bir mehmanxananı və yaxud istirahət mərkəzini açmaqla iş bitmir. Burada kadr məsələsi, əlaqələrin qurulması və s. önəmli rol oynayır. Bunlar gələcəkdə həmin regionda turizmin inkişafına müsbət təsir göstərməklə bərabər, rayonun iqtisadi inkişafına da təkan verir. Bu baxımdan belə kursları yüksək qiymətləndirirəm».

   Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova da həmkarları ilə eyni fikirdədir: «Mədəniyyət və turizm sahələri bir strukturda birləşdirildikdən sonra turizm işinin qurulması ilə bağlı bizə belə geniş məlumatlar verilməmişdi. Biz bu günlər ərzində çox şeylər öyrəndik. Treninqlər zamanı dünyada və Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri, ölkəmizin bölgələrində bu sahəyə hansı tərəfdən yanaşma, turizm müəssisələri ilə əlaqələrin qurulması və s. istiqamətdə verilən məlumatlar iştirakçılar üçün çox əhəmiyyətli oldu. Təşkilatçılara təşəkkür edirəm».

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 13 fevral.- S. 9.