Azərbaycan turizmi Milan sərgisində

 

  Ermənilərin növbəti təxribatının qarşısı alınıb

  

   Fevralın 14-dən 17-dək İtaliyanın Milan şəhərində keçirilən «BİT-2013» beynəlxalq turizm sərgisində Azərbaycanın da turizm imkanları nümayiş olunub.

  

   Tədbirdə “BİT-2013»də Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Xarici turizm sektorunun məsləhətçisi Məleykə Hüseynova, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Xəyalə Şahbazova və «Geo travel», «Gilan Turizm», «İmprotex travel» və «Regea travel» şirkətlərinin əməkdaşları iştirak edib.

   Məleykə Hüseynovanın sözlərinə görə, hər il olduğu kimi, bu ilMilan sərgisində Azərbaycanın stendi böyük maraq doğurub. Stenddə ölkəmizin turizm məkanları haqqında məlumatlar ingilis dilində 30 adda reklam-çap məhsulları vasitəsilə ziyarətçilərə təqdim edilib: “Adi ziyarətçilərdən başqa sərgidə iştirak edən turizm şirkətləri də bizim stendlə maraqlanırdılar. Turizm şirkətlərimizin nümayəndələri maraqlananlara ölkəmizə səyahət və digər məsələlərlə bağlı lazımi məlumatları verirdilər. Sərgi günlərində Milanda fəaliyyət göstərən müxtəlif qəzet və jurnalların əməkdaşları stendimizə yaxınlaşaraq öz səhifələrində Azərbaycan haqqında müxtəlif məlumatlar yerləşdirmək istədiklərini bildirdilər. Bununla bağlı təkliflər rəhbərliyə təqdim edilib”.

   Nazirlik nümayəndəsi bildirdi ki, bir sıra sərgilərdə olduğu kimi, bu dəfə də ermənilərin Dağlıq Qarabağı Ermənistan ərazisi kimi reklam etməsinin qarşısı alınıb. Azərbaycan nümayəndə heyəti ölkəmizin İtaliyadakı səfirliyinin köməyi ilə ermənilərin bununla bağlı hazırladığı reklam-çap məhsullarını stenddən yığışdırmağa nail olublar. Sərginin üçüncü günü isə ermənilər, ümumiyyətlə, öz stendlərini də tərk ediblər.

   Qeyd edək ki, Milan sərgisində dünyanın 130 ölkədsinən 3 minə yaxın şirkət iştirak edib. Üç gün davam edən sərgini 90 minədək insan ziyarət edib.

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2013.- 20 fevral.- S. 4.