Fransalı
qonaqlar Qəbələnin turizm imkanları ilə
tanış olublar
Fransanın Rön-Alpes regionunun senatoru və turizm üzrə prezidenti Jan Bessonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonunda olub.
Rayon rəhbərliyi ilə görüşdə qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycanda gedən sürətli iqtisadi inkişaf tempini Qəbələnin simasında aydın görmək olar. Bildirilib ki, bu gün Qəbələ mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Öz növbəsində Jan Besson
turizm sektorunun Fransada prioritet sahə olduğunu qeyd edib. O
bildirib ki, Qəbələnin zəngin mətbəxi ilə
yanaşı, tarixi və qədim abidələri, dağ
yüksəkliklərində inşa olunan muzeyləri, kanat
yolları buraya dincəlməyə gələn insanlar
üçün çox maraq doğuran məkanlardan biridir.
Görüşdə turizm əlaqələrinin
genişləndirilməsi, bu istiqamətdə maarifləndirmə
işlərinin aparılması mövzusunda fikir mübadiləsi
aparılıb.
Daha sonra nümayəndə heyəti
rayonda inşa olunan «Tufan» dağ-xizək yay-qış istirahət
kompleksinin tikintisi prosesi ilə tanış olub. Qonaqlara
bildirilib ki, dağlıq ərazidə yerləşən,
istirahət üçün bütün əlverişli şəraitə
malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən
təxminən 4 kilometr aralıda yerləşir. Burada kanat
yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq.
Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu
stansiya isə 1920 metr hündürlükdədir.
Artıq altı stansiyada
quraşdırma işləri başa çatıb. Bir-birindən
1414 metr aralı məsafədə və dəniz səviyyəsindən
1250-1650 metr hündürlükdə olan stansiyalarda
quraşdırma işləri aparılıb. Qeyd olunub ki,
hazırda inşa edilən dağ-xizək idmanı
bazasının yaxınlığında yerləşən
«Qafqaz Resort» kompleksi üç hotel binasından, Spa mərkəzindən,
əyləncə parkından ibarət olmaqla, yay istirahəti
üçün bütün imkanlara malikdir.
Daha sonra nümayəndə heyəti
rayonun «Qəbələ» futbol klubunun stadionlar kompleksi, yeni
inşa olunan Futbol Akademiyasının inzibati binasında
görülən işlərlə tanış olublar.
Rayonda insanların mənalı
istirahəti üçün hər bir şərait
yaradıldığını, burada yüksək
inkişafın şahidi olduqlarını qeyd edən nümayəndə
heyətinin üzvləri Qəbələni gözəl bir məkan
kimi dəyərləndiriblər.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 9.