“Azərbaycan İncəsənət Festivalı-2013" layihəsinə yekun vuruldu

 

   Bakı Yaradıcılıq Mərkəzinin (“Baku Creative Center”) Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar mobilenin baş sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan İncəsənət Festivalı-2013" adlı layihəsi başa çatdı. İyulun 10-da mərkəzdə festivalın yekun sərgisi təşkil edildi.  

   Tədbirdə çıxış edən Bakı Yaradıcılıq Mərkəzinin direktoru Emin Yasinov festivalın bölgələrdə maraqla qarşılandığını bildirdi: “Məqsədimiz Azərbaycan mədəniyyət və incəsənətinin təbliğ olunması, kreativ ideyaların reallaşdırılması və yaradıcı gənclərin inkişafına yardım etmək idi. Festival paytaxtla yanaşı, regionlarda yerləşən qalereyaları da əhatə etdi. Düşünürük ki, gələcəkdə bölgələrdə belə tədbirlərin sayını artıraq. Layihə çərçivəsində ənənəvi rəssamlıqdan əlavə müasir incəsənətin yeni qolu sayılan performansların nümayişini keçirdik. Plastik rəqslə tematik səhnəciyi sintez edən nümunələr izləyicilərin marağına səbəb oldu”.

   Tədbirdə vurğulandı ki, festival çərçivəsində Sumqayıt, Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı və Xaçmazda səyyar sərgilər və ustad dərsləri təşkil edilib. Rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında əsərlər təqdim olunub. Ustad dərslərinə xüsusi maraq göstərilib. Festival haqqında qısametrajlı filmin hazırlanması nəzərdə tutulur.

   Sonra layihə iştirakçılarına festivalın diplomları təqdim edildi. Yekun sərgidə 17 rəssamın 40-dan artıq əsəri - rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələri nümayiş etdirildi.

  

   Ceyhun

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 3.