Nizami dünyasının rəngləri” layihəsinə yekun vuruldu

 

   “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, ölkəmizin İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti və Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupunun dəstəyi ilə “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini başa çatdırıb. İyulun 13-də Azərbaycan Dillər Universitetində layihənin yekunlarına həsr olunmuş tədbir keçirildi.

Birliyin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva çıxış edərək bildirdi ki, layihəni həyata keçirməkdə məqsəd İtaliyada Nizami Gəncəvi irsinə marağı artırmaq, onun əsərlərinə çəkilmiş illüstrasiyalar vasitəsilə Nizami qəhrəmanları barədə, ümumbəşəri ideyaları haqqında İtaliya ictimaiyyətində daha geniş rəy formalaşdırmaq olub: “Biz bundan öncə AlmaniyaABŞ-da sərgilər təşkil etmişdik. Budəfəki sərgidə azərbaycanlı və italiyalı gənc xanım rəssamlar Nizami irsinə həsr olunmuş əl işlərini təqdim etdilər. İtaliyalı gənc rəssamlar sərgiyə əsər təqdim etmək üçün bir neçə ay Nizaminin əsərlərini mütaliə ediblər. Sərgini izləyənlər dahi şairin dünyasını həm azərbaycanlı, həm də italiyalı rəssamların gözü ilə görürdülər”.

   Qeyd olundu ki, Romanın “Galleia d’Arte Consortisalonunda rəngkarlıq və qrafika janrlarında 30-dan artıq əsər sərgilənib: “Tədbirə qatılan diplomatlar, ictimai-siyasi xadimlər, sənətsevərlər müsbət təəssüratlarını ifadə etdilər. Nizami irsini qədim Romada nümayiş etdirməyimizə dəstək göstərənlərə minnətdarlığımızı bildiririk”.

   Gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı, Günay Həsənova sərgi barədə təəssüratlarını bölüşdülər, gənclərin belə layihələrə cəlb olunmasının əhəmiyyətindən söz açdılar. Sonra sərgini əks etdirən slayd nümayiş olundu.

  

   Ceyhun

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 13.