Finlandiyada Azərbaycan gecəsi

 

 Finlandiyanın Vuokatti şəhərində idman səmtləşməsi üzrə 30-cu dünya çempionatı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Tədbirdə 74 ölkənin nümayəndələri iştirak edib.

   Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyasının prezidenti Mirəli Kazımov ölkəmizi təqdim edərək federasiyanın yaranması və inkişafı barədə söhbət açıb. O, son iki ildə ölkəmizdə həyata keçirilmiş tədbirlər barədə məlumat verərək qeyd edib ki, bu ilin mart ayında ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə idman səmtləşməsi üzrə Azərbaycanda ilk beynəlxalq turnir keçirilib.

   Beynəlxalq İdman Səmtləşməsi Federasiyasının prezidenti Brayn Porteos Azərbaycanda idmanın bu növünün inkişaf səviyyəsini yüksək qiymətləndirib, qısa müddətdə bu cür irəliləyişi başqa ölkələrin federasiyalarının nümayəndələrinə müsbət nümunə kimi tövsiyə edib.

   Mərasimdə Azərbaycanın mədəniyyəti, abidələri, görməli yerləri, milli mətbəximiz, habelə ARİSF-in nailiyyətləri, çempionatlarda qazanılmış uğurlar barədə videoçarxlar nümayiş etdirilib.

   Sonda qonaqlara Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından xatirə hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 2.