“Məqsəd Azərbaycanı bölgənin elm mərkəzinə çevirməkdir”

 

   İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mətbuat konfransı keçirib. AMEA rəhbəri quruma rəhbərlik etdiyi son üç ayda görülən işlər, aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr və digər məsələlər haqqında geniş məlumat verib.

   Akademik Akif Əlizadə elmin inkişafına dair ölkə Prezidenti tərəfindən təsdiq olunan fərman və sərəncamların icra vəziyyəti haqqında danışıb. Qeyd olunub ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışlar alimlər qarşısında konkret vəzifələr qoyur. Azərbaycanda 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülən işlərdən söz açan Akif Əlizadə “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğulayıb, səmərəli elmi araşdırmaların aparıldığını nəzərə çatdırıb.

   “Dövlətin elm siyasətinin əsas məqsədi Azərbaycanı bölgənin elm mərkəzinə çevirməkdir”- deyən AMEA rəhbəri gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini bildirib. Hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir.

   Dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edən Akif Əlizadə AMEA-da aparılan islahatlar barədə də danışıb. Akademiyanın prezidenti bildirib ki, elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atılıb: Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Ali təhsil müəssisələrinin AMEA institutlarının nəzdində baza kafedralarının və AMEA-da magistratura təhsil pilləsinin yaradılması da nəzərdə tutulub”.

   Akademiyanın rəhbəri ölkənin müxtəlif regionlarında aparılan arxeoloji ekspedisiyalar barədə də danışıb. Qeyd olunub ki, Göytəpədə (Tovuz rayonu) arxeoloji qazıntılar zamanı aşkarlanan tapıntılarla bağlı arxeoloji park yaradılacaq. Hazırda parkın layihəsi hazırlanır.

   Sonda bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilib. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, suveniraksesuarlar, hədiyyələr və digər nümunələr təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 5.