Mədəniyyət və turizm naziri Toğrul Nərimanbəyovun məzarını ziyarət edib

 

   Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə, təşkilatın baş qərargahında mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

   Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Fransa paytaxtındakı Passi qəbiristanlığında görkəmli fırça ustası, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatları laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət edib, mərhumun məzarı üzərinə gül dəstələri qoyub.

   Xatırladaq ki, Toğrul Nərimanbəyov bu il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib.

 

Mədəniyyət.- 2013.- 24 iyul.- S. 4.