“Rəssamlar görüşü”ndən təəssüratlar

 

Məhsəti İbrahimova: “Oba” adlı rəsmimdə türk xalqlarının birliyini onların yenilməzliyinin, ucalığının simvolu kimi göstərmək istəmişəm”

  

   Xəbər verdiyimiz kimi, 2013-cü il üçünTürk dünyası mədəniyyət paytaxtı” seçilən Əskişəhərdə iyulun 1-dən 15-dək TÜRKSOY “Rəssamlar görüşükeçirilib. Artıq 16-cı dəfə təşkil edilən ənənəvi sənət görüşü TÜRKSOY-un 20 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, TÜRKSOY “Rəssamlar görüşü”ndə ərsəyə gələn sənət əsərləri təşkilatın rəsm kolleksiyasında saxlanılır. Builki tədbirdə Azərbaycanı gənc rəssam Məhsəti İbrahimova təmsil edib. Rəssam səfər təəssüratlarını bizimlə bölüşdü.  

   - TÜRKSOY “Rəssamlar görüşü” 1997-ci ildən keçirilir. Hər il türk dünyasının müxtəlif yaş qruplarından olan rəssamlar bu sərgiyə qatılır. Bu il sayca 16-cı görüşə 19 türkdilli ölkə və diyardan 20 iştirakçı qatılmışdı. Mən də öz növbəmdə maraqlı ideya düşünmüşdüm. Onu da deyim ki, mövzu seçimində rəssamlara sərbəstlik verilir və mən türk dünyası mövzusunda böyük ölçüdə bir rəsm çəkmək qərarına gəldim. Rəssamlar görüşü iki həftə davam etdiyekunda böyük sərgi açıldı, hər kəs öz əsərini təqdim etdi. Builki sərginin fərqli cəhəti onda idi ki, iştirakçıların bir çoxu bu tədbirdə dəfələrlə iştirak etmiş tanınmış rəssamlar idi. Mən isə ilk dəfə iştirak edirdim və “Oba” adlı əl işimi təqdim etdim. Bu əsər barədə sərgi iştirakçılarından müsbət fikirlər eşitmək məni çox sevindirdi.

   - “Obada hansı ideyanı çatdırmaq istəmisiniz?

   - Rəssamın əl işinin təsirli olması üçün mövzu ona yaxın olmalıdır. Bu mənada türkçülük, millilik mənə çox doğma mövzulardır. Bu cür düşünməyimdə, formalaşmağımda ilk müəllimlərimdən olan Vaqif Ucatayın böyük rolu olub. O mənə həmişə türkçülüyü təbliğ edərdi. Rəsmdəki “Obadaşlardan ibarətdir və dağ formasındadır. Bu dağın hər daşında türk dövlətlərinin simvollarını vermişəm. Dağın zirvəsində Azərbaycan ən üst sırada təsvir olunub. Buna səbəb həm əlifba sırası ilə uyğunluq, həm də ölkəmizi mədəniyyətlərarası dialoqun, türkdilli ölkələr arasında birliyin başlıca təşəbbüskarlarından biri olaraq göstərmək istəməyimdir. Simvol olaraq isə Azərbaycanın gerbinin bir nüansı olaraq od işarəsini vermişəm. Digər daşlarda müxtəlif türkdilli ölkələrin simvollarını əks etdirmişəm. Rəsmdə həmçinin Qobustan qayaüstü təsvirlərindən də istifadə olunub. Əsərin kənarlarında isə iki daş abidə yerləşir. Bu daşların üzərinə əski türk əlifbasında Atatürkün kəlamlarını yazdım. Bu əlifbanı özüm öyrənmişəm. Sol tərəfdə “Nə mutlu türküm deyənə”, sağda isə “Daş qırılar, tunc əriyər, amma türklük əbədidir” kəlamları əks olunub. Əsərdə türk xalqlarının birliyini onların yenilməzliyinin, ucalığının simvolu kimi göstərmək istəmişəm.

   - Tədbirin ən gənc iştirakçısının əl işini necə qiymətləndirdilər?

   - “Oba” rəsmi həm texniki, həm də ideya-bədii cəhətdən maraqla qarşılandı. Tanınmış rəssamların, sərgiyə gələnlərin əsərlə bağlı fikirlərini öyrəndim. Mənə deyirdilər ki, bütün türk dünyasının arzusunu ifadə etmisən. Türklər dost ölkələr olaraq bir-birlərinə dayaq, dəstək göstərərək bir dağ kimi olmalı, inkişaf etməlidirlər.

   - Milli dəyərlərə, simvolikaya daha çox üstünlük verirsiniz. Bu nə ilə bağlıdır?

   - 2004-2008-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Kollecində təhsil almışam. 2008-ci ildə Rəssamlıq Akademiyasına qəbul olaraq rəngkarlıq fakültəsini fərqlənmə ilə bitirmişəm. Təhsil müddətində müəllimlərimiz bizə daima milliliyi aşılayıblar. Akademiyada Xalq rəssamı Səlhab Məmmədovun tələbəsi olmuşam. Bütün müəllimlərimlə qürur duyuram ki, mənə həm rəssamlığın texnikasını yüksək səviyyədə tədris ediblər, həm də vətənpərvər ruhda düşünməyi öyrədiblər. Yeri gəlmişkən, diplom işimdə də mövzu baxımdan bir yenilik etməyə çalışdım. Bilirsiniz ki, Azərbaycanda bir çoxları ənənə olaraq səmənini bayramdan sonra axar çaya atırlar. Əl işimdə həmin mərasimi təsvir etmişdim. Azərbaycan rəssamlığında Novruzla bağlı, səməni ilə bağlı minlərlə var. Amma bu ənənənin təsvirinə heç vaxt rast gəlməmişəm. Yəni hiss etmişəm ki, milli mövzuda, türkçülüklə bağlı rəsmlər işləmək mənə daha yaxındır. Rəssamlar özlərinə yaxın fikirləri, ideyaları bədiiləşdirəndə tamaşaçı bundan zövq alır.

   - İndiyədək hansı sərgilərdə iştirak etmisiniz?

   - Ötən il Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı mövzusunda sərgiyə qatıldım. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdiyi həmin sərgiyə 3 təqdim etmişdim. “Xocalı faciəsinin izləri” adlı rəsmim daha çox diqqəti çəkdi. Soyuq, şaxtalı fevral ayını, qar üzərində müxtəlif yaş qruplarından olan dinc insanlara qarşı həyata keçirilən vəhşiliyi göstərmişəm. Erməni silahlı dəstələrinin Xocalıda törətdiyi qırğının, uşaqların, qadınların, qocaların amansızcasına qətlə yetirilməsinin bir soyqırımı olduğunu çatdırmağa çalışmışam. Qırğızıstanda isə MDB ölkələri rəssamlarının iştirak etdiyi tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasını təmsil etmişəm. Bakıda keçirilən müxtəlif sərgilərə də qatılıram. Hələlik fərdi sərgim olmayıb. Gələcəkdə fərdi sərgimin keçirilməsini də planlaşdırıram.

  

   Ceyhun Zərbəliyev

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 11.