“Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə”

 

Serbiyada Azərbaycan həqiqətlərinə həsr olunmuş rəsm sərgisi

  

   İyulun 23-də Serbiyanın paytaxtı Belqradda azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açılıb.

   “Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi və “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.

   Açılış mərasimində Azərbaycanın Serbiyadakı səfirliyinin iqtisadisiyasi məsələlər üzrə müşaviri Anar Əcəmov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, iki ölkə arasında mövcud mehriban dostluq münasibətlərini, Serbiya parlamenti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə layihəsinin qəbul edilməsini xüsusi qeyd edib.

   Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev çıxışında respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin dünyada təbliğinə xidmət edən belə tədbirlər keçirməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu uğurlu fəaliyyət Prezident İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi qayğı və etimadın nəticəsidir. O, rəhbərlik etdiyi təşkilatın müxtəlif sosial layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.

   Tədbirdə Serbiya Parlamentinin konstitusiyahüquq məsələləri komitəsinin sədri Vladimir Tviya və digər deputatlar, İndoneziya və Malayziyanın Serbiyadakı səfirləri, Serbiyanın dövlət qurumlarının təmsilçiləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, tələbələr, media mənsubları iştirak ediblər.

   Üç gün davam edən sərgidə azərbaycanlı məcburi köçkün uşaqların, Bakıdakı Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, İncəsənət Gimnaziyasının və “Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi”nin və Şirvan şəhəri şagirdlərinin əl işləri nümayiş olunub.

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 13.