MDB ölkələrinin təmsilçiləri Qəbələdə bir araya gəliblər

 

   Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin təmsilçiləri V Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak ediblər. Rusiya, Qırğızıstan, Gürcüstan, MoldovaBelarusun mədəniyyət nazirliklərini təmsil edən vəzifəli şəxslər, eləcə də ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov əvvəlcə Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olublar.

   Qonaqlara məlumat verilib ki, “ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Mərkəzdə teatr tamaşalarının, konsertlərin, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan yaradılıb. Bina ən müasir akustik texnologiyadünya standartlarına uyğun teatr avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlüktamamlama materialları, məxsusi çıraq və mebellərlə təchiz edilib.

   Daha sonra qonaqlar rayon İcra Hakimiyyətində olublar. Bildirilib ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən ilin oktyabrında Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin “Mədəniyyət paytaxtı” elan olunub.

   Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev V Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında qonaqlara məlumat verib. Bildirib ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olur. Festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilib.

   Görüşdə qonaqların iştirakı ilə MDB-nin “Mədəniyyət paytaxtı” olan Qəbələdə bu ilin sonunadək keçiriləcək mədəni-kütləvi tədbirlər müzakirə edilib. Qonaqlar rayonun turizm obyektləri və istirahət mərkəzləri ilə tanış olub, beynəlxalq musiqi festivalının konsertlərini izləyiblər.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 2.