Xəzər sahilində qum heykəltəraşlığı və qraffiti festivalı

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ölkəmizdə ilk dəfə qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival keçirilir.

   Layihənin məqsədi Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların aşkarlanıb üzə çıxarılması və onların tanıdılmasına şərait yaratmaqdır. Layihə gənclərə tanınmış rəssam, professional heykəltəraş və yaradıcı insanlarla əlaqələr yaratmağa imkan verəcək.

   Şıx çimərliyindəki “Dostluq” istirahət mərkəzində təşkil edilmiş festivalda 30 gənc iştirak edir. Gənclər müxtəlif mövzularda sənət əsərləri yaradırlar. Onların içərisində “Dəvə”, “Su pərisi”, “Bayquşlar”, “Vəhşi şir və gözəl qız” kimi qumdan hazırlanmış kompozisiyaları qeyd etmək olar.

   Festival çərçivəsində rəssamlığın bir qolu olan, müasir dövrdə gənclər arasında daha çox yayılan qraffiti sənəti əsərləri də nümayiş olunur.

   İyulun 31-də başa çatacaq festivalda iki nominasiya üzrə hər birində 3 qalib müəyyən olunacaq. İştirakçılara sertifikatlar, qaliblərə mükafatlar təqdim ediləcək.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 6.