Qəbələdə beynəlxalq musiqi festivalı davam edir

 

Ecazkar təbiət harmoniyasına rəng qatan konsert proqramları ifaçı və tamaşaçılara əsl sənət bayramı yaşadır

  

   Xəbər verdiyimiz kimi, iyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib. 10-dan çox ölkədən məşhur ifaçıların, dirijor və kollektivlərin iştirak etdiyi musiqi bayramı rəngarəng konsert proqramları ilə sənətsevərlərə unudulmaz anlar bəxş edir.

  

   İfaçılarımızın çıxışı böyük maraqla qarşılanıb

  

   İyulun 26-da festival çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin zalında keçirilən kamera musiqisi axşamında görkəmli Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatlarından pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Kəmalə Neymanova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə, London Kral Musiqi Akademiyasının magistrantı Ayan Salahova, vokalçılar - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, Şəfiqə Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Türkiyə Cümhuriyyət Universiteti gözəl sənətlər bölümü musiqi fakültəsinin dosenti Lalə Hüseynova (skripka) çıxış ediblər.

   Proqramda Edvard Qriqin “Şairin qəlbi” silsiləsindən “Gözəl gözlər” mahnısı, Pablo de Sarasatenin “Əndəluz romansı”, Yan Sibeliusun “Görüşdən qayıdan qız”, Frederik Şopenin “Polonez” əsərləri ifa olunub.

   Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  

   Azərbaycan musiqisinin inciləri

  

   İyulun 26-da “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Musiqi axşamında müxtəlif festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Niyazinin “Arzu”, Qara Qarayevin “Eskiz”, “Mən sizi sevirdim”, Fikrət Əmirovun “Ulduz”, “Azərbaycan elləri”, Tofiq Quliyevin “Əziz surət”, Süleyman Ələsgərovun “Küsmərəm”, Rauf Hacıyevin “Bakı” əsərlərini, eləcə də “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnılarını təqdim ediblər. Konsert proqramı böyük maraqla qarşılanıb.

   Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, istedadlı pianoçu Müşfiq Quliyev İtaliyada keçirilən gənc ifaçıların “21-ci əsrin incəsənəti” müsabiqəsinin qalibi olub. “Riqoletto”, “Trubadur”, “Traviata”, “Sevil”, “İntizar” operalarında müxtəlif partiyaların ifaçısı Azər Rzazadə isə vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin laureatıdır.

  

   Kuba caz qrupu festivala rəng qatıb

  

   V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti olub. Tanınmış caz qrupu tamaşaçılara bu Latın Amerikası ölkəsinin özünəməxsus musiqisi ilə yanaşı, məşhur caz kompozisiyalarını da təqdim edib.

   “Santiaguero” caz qrupunun janr baxımından çox zəngin olan repertuarına cazibədar etno-caz musiqisi də daxil edilib. Öz ifaları və bəstələri ilə dünyaya səs salan qrup tamaşaçılara unudulmaz gecə bəxş edib. Çıxışlar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

   Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” caz qrupunun direktoru Fernando Devuardır. İfaçılar heyətinə Ruben Matos, İnosensia Heredia kimi tanınmış musiqiçilər daxildir. Qrupun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin və kollektivlərinin yaradıcılığından qaynaqlanıb. Qrup dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, musiqi mədəniyyətini təbliğ etmək üçün Şərqi Avropa ölkələrində qastrol səfərlərində olub.

   Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero” septetinin repertuarı özünəməxsusluğu ilə seçilir. Kollektiv 2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi” mükafatına layiq görülüb.

  

   Yerusəlim Simfonik Orkestrinin konserti

  

   İyulun 27-də festivalda daha bir tanınmış kollektivin - Yerusəlim Simfonik Orkestrinin konserti olub. Məşhur İsrail musiqiçisi Amos Talmonun dirijorluğu ilə baş tutan konsertdə orkestr klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.

   Kollektivin müşayiəti ilə Azərbaycanın tanınmış pianoçuları - xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova tamaşaçılara Sergey Raxmaninovun, Fransis Pulenkin, İohan Bramsın əsərlərini təqdim edib, gözəl çıxışları ilə dinləyicilərin sürəkli alqışlarını qazanıblar.

   Öz məharətli ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik Orkestri Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz gecə bəxş edib.

   Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosu nəzdində yaranıb. Kollektivin musiqi direktoru Frederik Çaslindir. Orkestr maestro Bertininin təsis etdiyi üç əsas dini musiqiyə həsr olunmuş liturgiya festivalının daimi iştirakçısıdır. Dünya şöhrətli musiqi kollektivi dəfələrlə Avropanın və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış edib.

  

   Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələri qaliblərinin musiqi çələngi

  

   İyulun 28-də Qəbələ festivalının proqramında daha bir maraqlı musiqi axşamı - milli vokal sənətimizin banisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Bülbülün adını daşıyan beynəlxalq vokalçılar müsabiqələri qaliblərinin ifasında konsert təqdim olunub.

   Məşhur italyan musiqiçi Mirko Roverellinin dirijorluğu ilə baş tutan konsertdə Yerusəlim Simfonik Orkestri Azərbaycanın və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.

   “Viva opera” adlı konsertdə Azərbaycan, Rusiya və Türkiyədən tanınmış ifaçılar - Sergey Leyfekus, Burçin Savigne, Xalq artisti Əli Əsgərov, Əməkdar artist Elçin Əzizov, Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov çıxış ediblər. İfaçılar tamaşaçılara görkəmli bəstəkarlar Cüzeppe Verdinin “Bal-maskarad”, “Simon Bokkaneqra”, “Otello”, Umberto Cordanonun “Andre Şenye”, Cakomo Puççininin “Turandot”, “Toska”, “Çio-Çio San”, eləcə də Qara Qarayev, Cövdət Hacıyevin “Vətən” operasından parçaları təqdim edib, gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.

   Dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə keçən növbəti konsert Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlərə unudulmaz anlar yaşadıb.

 

   “Mən bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm”

  

   Daha sonra səhnəyə çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti, professor Polad Bülbüloğlu tamaşaçıları salamlayıb, festivalın ərsəyə gəlməsinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilən və məşhur ifaçıların iştirak etdiyi festivalın əks-sədası bütün musiqi dünyasına yayılıb: “Bu gün Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Mən çox sevinirəm ki, paytaxtla yanaşı, bölgələrimiz də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir şəhərə çevrilib. 2013-cü ildə MDB-nin “Mədəniyyət paytaxtı” elan olunan Qəbələdə indiyədək bir neçə mədəni-humanitar tədbir keçirilib. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Mən bir azərbaycanlı olaraq bu uğurlara çox sevinirəm”.

   Gecədə Xalq artisti Polad Bülbüloğlunun ifasında səsləndirilən “Gəl ey səhər”, “Azərbaycan” kimi bəstələr, eləcə də “Ay dilbər”, “Xumar oldum” xalq mahnıları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

  

   Sergey Raxmaninovun əsərlərindən ibarət kamera musiqisi axşamı

  

   İyulun 29-da beynəlxalq festivalın proqramına uyğun olaraq “Qafqaz Resort” hotelində təqdim edilən növbəti kamera musiqisi axşamı görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə ithaf olunub.

   Musiqi axşamında müxtəlif festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları, pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elnarə Keberlinskaya, Səidə Tağızadə, həmçinin Azərbaycan Dövlət Simli Kvartetinin üzvü, Əməkdar artist Aleksey Miltıx (violonçel), tanınmış opera müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülnaz İsmayılova tamaşaçılara Sergey Raxmaninovun əsərlərini təqdim ediblər. İfaçılarımızın çıxışları alqışlarla qarşılanıb.

   Konsertdə tanınmış rusiyalı pianoçu Oksana Yablonskayanın ifası da tamaşaçılara unudulmaz anlar bəxş edib.

  

   Türkiyəli pianoçunun çıxışı hərarətlə qarşılanıb

  

   Beynəlxalq festivalın daha bir unudulmaz musiqi axşamı iyulun 29-da məşhur türkiyəli pianoçu İdil Biretin ifasında təqdim olunub. Fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə qardaş ölkənin təmsilçisi görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərindən parçalar səsləndirib. Konsert tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

   Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış edib. O, yorulmadan qastrol səfərlərinə çıxaraq öz ifasını dünyanın bir çox guşələrində tanıdıb. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır.

   İfaçının albomları milyon yarımdan artıq tirajla satılıb. Dünya üzrə onlarla konsert vermiş İdil Biret instrumental musiqinin parlaq ulduzlarından biridir, dəfələrlə tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış edib.

   Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən ifaçı klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasını tamaşaçılara təqdim edə bilib. Türkiyəli xanım pianoçu eyni zamanda orijinal bəstəkar kimi də uğur qazanıb.

  

   Tanınmış musiqiçilərin festival təəssüratı

  

   V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan tanınmış musiqiçilər Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihəsini yüksək qiymətləndirirlər.

   Festivalın bədii rəhbərlərindən biri, məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski deyib: “Qəbələ sanki mənim evimdir. Buranın çox gözəl təbiəti vardır. Burada aeroport fəaliyyət göstərir, hotellər, istirahət mərkəzləri mövcuddur. Qəbələ ilə bağlı təəssüratlarım çox gözəldir və buraya bir daha qayıtmaq istərdim”.

   İsrailli konsertmeyster Janna Qaldelman Yerusəlim Simfonik Orkestri ilə bir çox festivallara qatıldığını, Qəbələ festivalının ona xüsusi zövq bəxş etdiyini deyib. Onun sözlərinə görə, musiqi bayramında məşhur ifaçıların və dirijorların iştirakı tədbirin əhəmiyyətindən xəbər verir.

   Artıq beşinci ildir ardıcıl keçirilən Qəbələ festivalında bu il ilk dəfə türkiyəli ifaçılar da iştirak edirlər. Türkiyəli vokalçı Burçin Savigne tədbiri yüksək qiymətləndirərək festivalın dünya musiqi xəritəsində özünəməxsus yer tutduğunu bildirib.

   “Qəbələ festivalı şəhərə gələn qonaqlara Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanış olmaq imkanı yaradır. Təbiətin qoynunda keçirilən bu möhtəşəm ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində yenilikdir”.

   Bu sözləri Yerusəlim Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko deyib. O, dünyanın görkəmli musiqi xadimlərinin konsertlərinin tamaşaçılara əsl sənət bayramı yaşatdığını vurğulayıb.

   “Qəbələnin gözəlliyi məni heyran etdi. Təbiətin qoynunda simfonik orkestrin konsertini idarə etmək hər bir dirijor üçün böyük fəxrdir” - Yerusəlim Simfonik Orkestrinin tanınmış dirijoru Amos Talmon isə təəssüratını belə ifadə edib.

   Azərbaycana artıq ikinci dəfə səfər etdiyini bildirən məşhur dirijor mötəbər tədbirdə çıxış etmək üçün yaradılan şəraitə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib: “İlk dəfə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə konsertim olmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalına artıq dünyada böyük maraq yaranıb. Festival çərçivəsində keçirilən konsertimizdən böyük zövq aldım. Festival müddətində çıxış edəcəyimiz konsertlərdəki repertuarımız çox zəngindir. Qəbələnin dağlıq ərazidə yerləşməsi bizi daha ilhamla çıxış etməyə ruhlandırır. Bura həqiqətən heyrətamiz və sehrlidir. Yerusəlimdə məşqlər zamanı Qəbələyə gələcəyimiz anı səbirsizliklə gözləyirdik. Dünyanın tanınmış orkestrləri bura toplaşıb. Bu da mötəbər incəsənət bayramının beynəlxalq aləmdə getdikcə artan nüfuzundan xəbər verir”.

   “Festivalın mənim karyeramda əvəzsiz rol oynayacağına inanıram. Bu mötəbər musiqi bayramında bizi dinləməyə gələn yerli və xarici tamaşaçılardan çox razıyam” - bu sözləri isə Kubanın “Santiaguero” caz qrupunun üzvü Fernando Devuar deyib.

   Azərbaycanda ilk dəfə olduğunu, ölkəmiz haqqında telekanallar vasitəsilə məlumatlı olduğunu bildirən ifaçı festivalın təşkilatçılarına minnətdarlığını ifadə edib: “Bilirəm ki, festivalın belə yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunub, xeyli zəhmət çəkilib. Buranın iqlimi çox gözəl, insanları səmimi və qonaqpərvərdirlər. Sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Bu mötəbər sənət bayramına böyük qayğı göstərildiyinin şahidi oldum. Hisslərimi sözlə ifadə edə bilmirəm. Festivalda yenidən iştirak edəcəyimizə inanıram”.

   Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan V Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 6-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.

  

   Növbəti kamera musiqisi axşamı

  

   Festivalın proqramına uyğun olaraq iyulun 30-da “Qafqaz Resort” hotelinin kamera zalında növbəti kamera musiqisi axşamı keçirilib.

   Proqramda klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

   Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı-tanınmış fransalı pianoçu Con Bernard Pommier və onun həyat yoldaşı Olqa Martinova (skripka) çıxış ediblər.

   Musiqi axşamında L.Van Bethoven, Frans Şubertin əsərlərindən parçalar ifa olunub. Tanınmış rusiyalı violonçel ifaçısı Dmitri Yablonskinin çıxışı tamaşaçılara unudulmaz anlar bəxş edib.

 

   Qazaxıstanlı skripkaçının çıxışı alqışlarla qarşılanıb

  

   İyulun 30-da festival çərçivəsində daha bir konsert proqramını məşhur qazaxıstanlı skripka ifaçısı Ayman Musaxacayeva təqdim edib. Tanınmış ingiltərəli musiqiçi Jan Lothem Koniqin dirijorluğu ilə keçirilən konsertdə Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə klassik rus və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 8-9.