Kruiz turizmi: dünya təcrübəsindən nələri öyrənməliyik?

 

Azərbaycanda turizmin bu növünün inkişafı üçün zəmin var

  

   İyulun 25-də «Milana» restoranının konfrans zalında «Millennium Tourism & Congress DMC» turizm şirkətinin təşkilatçılığı ilə Azərbaycanın turizm şirkətləri üçün kruiz səfərlərinin təşkilinə həsr edilmiş seminar-treninq keçirildi. Tədbirdə turizm şirkətlərinin nümayəndələrinə dəniz gəzintiləri barədə məlumatları əks etdirən «Sruising for excellence» proqramı haqqında məlumat verildi.  

   «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev bildirdi ki, hələ fevral ayında Rusiyanın kruiz səfərlərinin təşkili ilə məşğul olan «INFLOT Cruise & Ferry» şirkətinin Bakıda təqdimatı keçirilib. Həmin təqdimat zamanı «Millennium Tourism & Congress DMC» adıçəkilən şirkətin Azərbaycandakı təmsilçisi elan edilib: «Bizim şirkətin bu istiqamətdə əsas işi «INFLOT Cruise & Ferry»nin ölkəmizdə fəaliyyətini koordinasiya etmək və vətəndaşlarımızı turizmin bu növü ilə məlumatlandırmaqdan ibarətdir. İlk seminarımızı bu məqsədlə təşkil etmişik».

   «Millennium Tourism & Congress DMC»nin aparıcı mütəxəssisi Yuliya Konoplyanko dəniz turlarının təşkili və həyata keçirilməsi ilə məşğul olan «Royal Caribbean International», «Celebrity Cruises», «Azamara Club Cruises», «Pullmantur», «Costa Cruises» və «Norwegian Cruise Line» turizm şirkətləri barədə məlumat verdi.

   Kruizlərin qiymətləri, səfər zamanı göstərilən xidmətlər, turların sifarişi və ödənişlər, nəzərdə tutulan bonuslar, səfər günlərində uşaqlar və böyüklər üçün əyləncəli proqramlars. haqqında danışan şirkət nümayəndəsi daha sonra diqqəti menecerlərin kruiz səfərləri ilə bağlı paketlərin satışı zamanı qarşılaşdıqları problemlərə yönəltdi. Bildirdi ki, kruiz turları bir qədər fərqli turizm məhsulu olmaqla, özündə bir çox nüansları birləşdirir. Azərbaycan vətəndaşları turizmin bu istiqaməti ilə yaxından tanış deyillər. Kruiz səfərlərinin təşkili ilə məşğul olan şirkətlər müxtəlif xidmətlər təklif edirlər ki, bununla bağlı da turistlər mütləq məlumatlandırılmalıdır. Burada turmenecer turistə səfər haqqında dolğun və dəqiq məlumat verməlidir».

   Yuliya Konoplyanko «INFLOT Cruise & Ferry» şirkəti barədə məlumat verərək bildirdi ki, qurum dünyanın demək olar ki, bütün sahilyanı ölkələrinə səfərlər təşkil edir: «Şirkət 1934-cü ildən fəaliyyət göstərən «INFLOT Worldwide» şirkətlər qrupuna daxildir. Qrupun dünyanın 160 dəniz limanında ofisləri var. «INFLOT Cruise & Ferry» şirkəti Beynəlxalq Kruiz Təşkilatları Assosiasiyasının üzvüdür. Assosiasiya özündə 26 məşhur kruiz şirkətini birləşdirir”.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 10.