Şabranda Xaqani poeziya gecəsi

 

   Şabran şəhərində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-mütəfəkkir Xaqani Şirvaniyə həsr olunmuş poeziya gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şairin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

   Şabrandakı Xaqani Şirvani adına Poeziya evində keçirilən gecədə yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Solmaz İbrahimova, yazıçı, şair Seyran Səxavət, yazıçı-dramaturq Elçin Hüseynbəyli, eləcə də yerli ədəbiyyat nümayəndələri və rayon rəhbərliyi iştirak edib.

   Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında bildirib ki, xalqımız Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə fəxr etməli və bu irsi qoruyub yaşatmalıdır.

   Poeziya gecəsində şairin yaradıcılığından danışılıb, şeir və qəzəlləri səsləndirilib.

   Tədbirdə iştirak edənlər rayonda Xaqani Şirvani adına Poeziya evinin fəaliyyət göstərməsinin gənc nəslin ədəbiyyata marağının artmasında böyük əhəmiyyət daşıdığını bildiriblər.

   İştirakçılar Poeziya evinin kitabxanasına müxtəlif kitablar hədiyyə edib, xatirə kitabına ürək sözlərini yazıblar.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 12.