Şair unudulmur

 

Aleksandr Puşkinin doğum günü Bakıda qeyd olunub

  

   İyunun 6-da böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü münasibətilə söz ustadının Bakıdakı abidəsi önündə mərasim keçirilib.

   Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və “Sodrujestvo” həmrəylik cəmiyyətinin sədri Tatyana Kərimova mərasimə toplaşanları salamlayaraq dahi şairin doğum gününün təkcə Rusiyada deyil, bəşəriyyətin tarixində əlamətdar günlər sırasına daxil olduğunu vurğulayıblar.

   Tədbirdə “Nord” uşaq bağçasının yetirmələri, Bakının orta məktəb və gimnaziyalarının şagirdləri şeirlər oxuyub, şairin əsərləri əsasında səhnəciklər göstəriblər. Şairin “Mən sizi sevirdim” şeiri Eyvaz Borçalının tərcüməsində Azərbaycan dilində səslənib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Puşkinin Qafqaza həsr etdiyi “Dəlibaş” şeirini oxuyub.

   Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, Azərbaycanda Puşkini sevir və onun yaradıcılığını yaxşı bilirlər. Azərbaycan şairlərinin bir neçə nəslinin nümayəndələri onun şeirlərini ana dilimizə çeviriblər. “Literaturnıy Azerbaydjan” jurnalının şöbə müdiri Alina Talıbova xatırladıb ki, Azərbaycanda hər il Puşkiniana, ədəbi müsabiqələr, rus dili olimpiadaları keçirilir.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 4.