Sənətdə gözəllik axtaranlar

 

Xəbər verdiyimiz kimi, bu günlərdə Parisdə Azərbaycanın ənənəvi və müasir incəsənət sərgisi keçirilib. Fevralın 20-dən martın 1-dək davam edən sərgidə Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsi də təmsil olunub.

 

Sərgidə xalçaçılıq, qurama, batika, taxta üzərində oyma, tikmə, zərgərlik və s. nümunələr, o cümlədən qadın sənətkarlarımızın - Mələkxanım Hacıyeva və Xalidə Nəsirovanın əl işləri nümayiş olunub. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində onlarla görüşdük.

Əməkdar mədəniyyət işçisi Mələkxanım Hacıyeva ixisasca kitabxanaçı-biblioqrafdır, Rəssamlar İttifaqının üzvüdür. 70-80-ci illərdən şəbəkəbəndlə məşğuldur, zərif milli tikmələri ilə dəfələrlə ölkə və beynəlxalq sərgilərin, festivalların iştirakçısı olub.

Özünün dediyinə görə sənətə marağı yaşadığı mühitlə əlaqəli olub: “İçərişəhərdəki məhəlləmizdə çoxlu sənətkarlar, rəssamlar, musiqiçilər yaşayırdılar. Ailəmizdə də hamı sənətlə məşğul idi. Nənəm toxuyurdu, bacım tikirdi, atam nəfəsli alətlərdə, qardaşım isə zərb alətlərində ifa edirdi. Belə bir mühitdə sənətlə məşğul olmamaq qeyri-mümkündür. İxtisasım mənim üçün birincidir, mən özümü həmişə kitabxanaçı kimi hiss edirəm. Amma boş vaxtlarımda şəbəkəbənd sənəti mənim ən yaxın həmsöhbətimdir”.

Müsahibim sənət nümunələrində milli ornamentlərə xüsusi önəm verdiyini deyir: “Xalçalarımızda əks olunan nəbati və həndəsi naxışları öz işimdə tətbiq etməyə üstünlük vermişəm. Bunların içərisində butanı ilk dəfə şəbəkəyə köçürdüm, deyilənə görə, pis də alınmayıb. Şəbəkəbənd üsulu ilə hazırladığım əl işlərini corab milləri üzərində ərsəyə gətirirəm. Bildiyimiz kimi, Azərbaycanda şəbəkələr əsasən milçələrlə toxunur. Millər və taxtalar üzərində də toxumaq mümkündür. Ruslar bunakrujeva” deyirlər. Sözsüz ki, milçə ilə toxunan şəbəkədən fərqli olaraq beş mil üzərində toxunan şəbəkə daha incə və zərif olur. Toxuduğum hər bir daxili aləmimin, hiss və duyğularımın təcəssümüdür. Elə əl işlərim var ki, onları dinlədiyim hansısa gözəl bir musiqinin təsirindən yaratmışam. Bunların içərisində bir şəbəkəbənd nümunəsi - süfrə var ki, hər dəfə ona baxanda Akif İslamzadənin “Bura vətəndir” mahnısı qulaqlarımda səslənir”.

Mələkxanım Hacıyeva söhbətimizin sonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlarımızı təbrik etməyi də unutmadı və onlara firavan, xoşbəxt həyat arzuladı.

 

* * *

 

Digər müsahibim Xalidə Nəsirova isə kimya elmləri namizədidir. Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşıdır. Belə ciddi sahənin mütəxəssisi olmasına baxmayaraq Rəssamlar İttifaqının da üzvüdür. 23 ildir qurama sənəti ilə məşğuldur. Onun sənətə başlamasının maraqlı tarixçəsi var. Dediyinə görə, 1990-cı ilin 20 Yanvarından sonra birdən-birə qəlbindən qurama ilə məşğul olmaq keçib, qeyri-iradi olaraq əlinə parçaları alaraq qurama nümunələri yaratmağa başlayıb: “Yaratdığım quramaların ətrafdakıların xoşuna gəldiyini gördüm, fikirləşdim ki, onları sənət nümunələri kimi təqdim edim. Quramaların əsasını rəngarəng parçaların birləşməsindən yaranan yastıq nümunələri, örtüklər və s. təşkil edir. Özümü tərifləmək olmasın, əl işlərim başqalarından xüsusilə seçilir. Çünki ən xırda parça hissəsini də istifadə edə bilirəm. İşimin fərqli tərəflərindən biri də budur ki, mən eskizsiz işləyirəm. Buta və göz elementlərindən geniş istifadə edirəm”.

Xalidə xanım qurama sənətinin özünəməxsus cəhətlərindən də danışdı: “Maraqlı cəhətlərindən biri işin tən ortadan başlamasıdır. Yəni nümunənin mərkəzi nöqtəsindən ətraflara doğru. Mən parçaların hissələrini gördüyüm zaman artıq nə yaradacağım gözlərim önündə canlanır. Hər bir kvadrat mənim üçün bir simvol, bir elementdir. İstədiyimi parçada görməsəm, işi başlaya bilmərəm. Rəssamlığı oxumadığıma görə rənglərin kompozisiyasından bir az xəbərsizəm. Rənglərin bəziləri parlaq, bəziləri isə solğun olur. Onlar yanaşı təzad yaradır. Mən bunları bilmədən, öz zövqümə uyğun rənglərdən istifadə edirəm. Çox vaxt rəssamlar mənə deyirlər ki, sən qaydaları pozmağına baxmayaraq bu işin öhdəsindən bacarıqla gəlirsən. Xalq rəssamımız Tahir Salahov isə mənim əl işlərimlə bağlı fikirlərinin birində söylədi ki, insanın qəlbindən keçəni, ürəyindən gələni yaratması daha düzgün yoldur. Hətta rənglər kompozisiyasını pozmuş olsa belə. Onu da deyim ki, quramalarımda əlvan rənglərdən istifadə etməyə daha çox üstünlük verirəm. Bu da mənim əhval-ruhiyyəmin yaratdığım sənət nümunələrində əksini tapmasıdır. Hansı notlarla işə köklənirəmsə, o notları da qurama nümunələrimdə əks etdirməyə çalışıram. Sonda mən də bütün xanımlarımızı bayram münasibətilə təbrik edir, firavan həyat və əmin-amanlıq arzu edirəm”.

 

 

Lalə Azəri

 

        Mədəniyyət.- 2013.- 8 mart.- S. 12.