Heydər Əliyev Sarayının uşaqlara bayram hədiyyəsi

 

   Martın 23 və 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Kosa və Keçəlin Novruz sərgüzəştləri” adlı teatrallaşdırılmış konsert proqramı təşkil edildi.

 

   Konsert proqramında iştirak edən qonaqlar maraqlı nömrələrlə balacaların sevincinə sevinc qatdılar.

   Proqramda uşaq rəqs qrupları və kollektivlərinin ifasında millimüasir musiqi nömrələri təqdim edildi. Şənliyin aparıcısı Bahar qızın təqdim etdiyi qonaqlar balacalarda bayram əhvalını yüksəldirdi. Balaca muğam ifaçıları və aşıqların, gənc müğənni Nicat Məhərrəmovun çıxışı alqışlarla qarşılandı. Novruzun sevimli personajları Keçəl və Kosanın şən əhvallı zarafatları və uşaqlarla keçirdiyi viktorinalar tədbiri daha da maraqlı edirdi. Sehrbazların, nağıl qəhrəmanlarının səhnəyə gəlişi bayram ovqatına rəng qatdı.

   Heydər Əliyev Sarayının təşəbbüsü ilə "UAFA" Əlillərin Beynəlxalq Cəmiyyəti, Binəqədi Rayon Veteranlar Cəmiyyəti, Əlillər Cəmiyyətinin Nərimanov rayon təşkilatı, Daun sindromu olan uşaqların “Himayə” təşkilatı da şənliyə dəvət olunmuşdular.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 29 mart.- S. 4.