Gənc şairələrin beynəlxalq forumu

 

   Aprelin 27-28-də Beynəlxalq Muğam Mərkəzində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc şairələrin Beynəlxalq forumu keçirilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.

   Forumun açılışında yazıçı Günel Anarqızı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, 20 ölkədən şairələrin iştirak etdiyi tədbir Azərbaycanın gənc ədiblərinin beynəlxalq arenaya çıxmasına da öz töhfəsini verəcək.

   Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Gecə” şeiri səsləndirilib. Albaniya, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Moldova, Mərakeş, Pakistan və digər ölkələrdən gəlmiş şairələr özlərinin poeziya nümunələrini oxuyublar. ForumdaAlternativ ədəbiyyat: özünüifadənin müasir vasitələri”, “Gənc şairlərin mədəniyyətlərarası dialoqda rolu” və “Ədəbiyyatda feminizm” mövzularında dəyirmi masalar keçirilib.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 10.