“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri elan olundu

 

    Müsabiqəyə 4 nominasiya üzrə 30 əsər təqdim edilib

  

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində "Qızıl Kəlmə" Ədəbi Mükafatı Komissiyasının yekun iclası keçirilib. Bildirilib ki, 2013-cü il üzrə müsabiqəyə 4 nominasiyada (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib. Əsərlərin qəbulu isə 1 mart 2013-cü ildə başa çatıb.

  

   Nəsr əsərləri nominasiyasına “MHS-Poliqraf" nəşriyyatı Mustafa Çəmənlinin "Ölüm mələyi", "Qanun" nəşriyyatı Şirməmməd Nəzərlinin "Çəkilməyən film" romanlarını, "525-ci qəzet"in redaksiyası Pərvinin "Qar yağacaq" (povest və hekayələr), "Yazıçı" nəşriyyatı Səriyyə Müslümqızının "Xocalı uşaqları - qan içində qar çiçəyi", "Qızıl Kəlmə" ədəbi mükafatının laureatı Telman Vəlixanlı Səfər Kəlbixanlının "Bəxtəvər ölüm" kitabını, Bakı Slavyan Universiteti Alpay Azərin hekayələrini, Mahmud Kaşqari adına Beynəlxalq Fond Zərrin Şövkət Horovlunun "Arazdan gələn səslər" kitabını təqdim edib.

   Poeziya əsərləri nominasiyasına "525-ci qəzet"in redaksiyası Qismətin "Meqapolis hüznləri", "Min Bir Mahnı" nəşriyyatı Nafilə Abuzərlinin "Eşq mələyi", "Connstant empire" nəşriyyatı Eldar İskəndərzadənin "Mənəm, sənsən, bir də o...", "Yazıçı" nəşriyyatı Şükür Şənolun "Aranızdakı bir mələk", "Nərgiz" nəşriyyatı Zakir Ağdamlının "İlahi, dağlara qovuşdur məni", "Təknur" nəşriyyatı Mehriban Tahirovanın (Bahadurqızı) "Vsadnik qryoz" (rus dilində), "Lənkəran" qəzetinin redaksiyası İltifat Salehin "Poetik testlər", "Vektor" nəşriyyatı Elçin İsgəndərzadənin "Qürbət hücrəsində", "Elm və təhsil" nəşriyyatı Fuad Babanlının "Haray dağı", Azərbaycanda Atatürk Mərkəzi Adil Cəmilin "Yurd yerim - dərd yerim", "Ədalət" qəzeti Əbülfət Mədətoğlunun "Hər görüş bir ümiddi", "Yazıçı" nəşriyyatı Oqtay Rzanın "Rübai karvanı - dördlük çələngi" şeirlər kitablarını təqdim edib.

   Ədəbi tənqid və publisistika əsərləri nominasiyasına Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid", Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi Hafiz Mirzənin "Mütəfəkkir", "Apostroff" nəşriyyatı Saminə Hidayətqızının "Yüz türk qadını", "Adiloğlu" nəşriyyatı İlqar Əliyevin "Sirr və açar", "Qızıl Kəlmə" mükafatı laureatı Telman Vəlixanlı Rüstəm Kamalın "Sözü işığa danışdım", Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsi Etibar Əliyevin "Həyatımızda Simens izləri", "Yazıçı" nəşriyyatı Əsəd Cahangirin "Kim yatmış, kim oyaq?", Azərbaycan Respublikası İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzi Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə", MİMTA Fondu Elmira Qasımovanın "Qəlbimin aynası", "Elm" nəşriyyatı Nəsib Bayramovun "Sirli dünya" kitablarını təqdim edib.

   Orijinaldan bədii tərcümə nominasiyasına Azərbaycan Yazıçılar Birliyi tərəfindən Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin tərcüməsində Oljas Süleymenovun “Kuman nəğməsi" kitabı təqdim edilib.

   Bütün əsərlər Mükafat Komissiyasının hər bir üzvü tərəfindən oxunub.

   Komissiya üzvlərinə "Qızıl Kəlmə" Ədəbi Mükafatına təqdim olunan əsərləri qiymətləndirmə cədvəli verilib, komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər.

   Qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub. Dörd əsas mükafatla yanaşı, bu dəfə də "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində daha iki əsəri fərqləndirən "Şans" ödülünün verilməsi də məqsədəuyğun sayılıb. Təkliflər ümumiləşdirilib səsə qoyulub. Müzakirələrin sonunda müvafiq qərar qəbul edilib.

   Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq";

   Poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində";

   Ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım", Əsəd Cahangirin "Kim yatmış, kim oyaq?";

   Bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin “Kuman nəğməsi" kitabı qalib elan olunublar.

   "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülüb.

   Qalibləri təbrik edirik.

 

 

     Mədəniyyət.- 2013.- 3 may.- S. 4.