Filarmoniya bağında kitab bayramı

 

   Mayın 4-də paytaxtın Filarmoniya bağında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirildi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkənin 50-dən çox nəşriyyat, kitab evi və yayım assosiasiyası iştirak edirdi. Bayrama 10 min adda, 40 min nüsxədən çox kitab çıxarılmışdı.  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ulu öndərin kitabakitabxana işinə, nəşriyyat fəaliyyətinə hər zaman diqqət göstərdiyini vurğuladı: “Onun rəhbərliyi dövründə bütün bölgələrdə kitab evlərinin inşa edildiyini, mədəniyyətə, incəsənətə, ədəbiyyata tamamilə yeni bir baxış yarandığını hamımız yaxşı xatırlayırıq. Bu baxımdan belə kitab bayramlarının təşkili böyük əhəmiyyətə malikdir. Son illərdə ölkəmizdə kitaba maraq artıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatı nümunələri çap olunur, elektron kitabxanalar yaradılır. Bugünkü bayrama çoxlu sayda kitabsevərin toplaşması da bu sahədə böyük irəliləyişdən xəbər verir. Bu cür tədbirlərin hər il keçirilməsinə baxmayaraq builki bayram özəlliyi ilə seçilir. Çünki bu kitab bayramı ulu öndərin 90 illik yubileyinə həsr edilib”.

   Kitab bayramında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Akademik Zərifə Əliyeva” (Azərbaycan, rus, Ukrayna, ingilis dillərində) kitablarının təqdimatı keçirildi.

   Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili, yazıçı-publisist Aqil Abbas, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər tədqiqat və araşdırmalar əsasında yazılmış “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının ulu öndərin irsinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd etdilər.

   Tədbir çərçivəsində “Mən niyə naşir olmaq istəyirəm?” esse və nəşriyyatlar arasında keçirilmiş birinci ümumrespublika kitab sənəti müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi. Sonra Eldar Xəlilovun BŞMTİ-nin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətindən bəhs edən “Milli varlığımız - vətəndaş amalı” kitabının təqdimatı oldu.

   Kitab bayramında BŞMTİ-nin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəblərinin musiqi nəzəriyyəsi fənləri üzrə üçüncü ümumşəhər olimpiadasının və kitabxanaların oxucuları arasında keçirilmiş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılması da baş tutdu.

   Eyni zamanda, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbas və digər müəlliflərin oxucularla görüşləri və kitablarının imza mərasimi keçirildi.

   Kitab bayramı günün axşam saatlarına qədər davam etdi. Bakı şəhəri musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim olundu.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 8 may.- S. 8.