Xalq teatrları: dünəndən bu günə

 

   Mayın 14-də “Park İnnhotelininFüzuli” zalında Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Teatr Xadimləri İttifaqının birgə təşəbbüsü ilə “Teatr prosesi XXI əsrdə” mövzusunda seminar keçirildi.

  

   Tədbiri Elmi-Metodiki Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev açaraq seminarın mövzusu barədə danışdı. Bildirildi ki, bu gün bölgələrimizdə xalq teatrlarının, dram dərnəklərinin vəziyyəti ürəkaçan deyil. Seminarın keçirilməsində məqsəd yerlərdə xalq teatrlarının fəaliyyətini və peşəkarlıq səviyyəsini yüksəltmək yollarını müzakirə etməkdir.

   Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dramaturq Çingiz Ələsgərli çıxış edərək yerlərdə xalq teatrlarının dirçəldilməsinin vacibliyini vurğuladı: “Peşəkar teatrlarımıza vaxtilə bu mərkəzlərdən yeni nəfəs və istedadlar gəlib. Respublikada 24 xalq teatrı var. Ancaq onların vəziyyəti qənaətbəxş deyil. Ümumi işin xeyrinə bu teatrların fəaliyyətinin dirçəldilməsi çox vacibdir”.

   Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamal bildirdi ki, sovet dövründə ulu öndərin böyük qayğısı sayəsində respublikanın əksər rayonlarında xalq teatrları və məktəblərdə dram dərnəkləri yüksək səviyyədə fəaliyyət göstərib: “Bizim görkəmli aktyorlarımızın əksəriyyəti həmin xalq teatrlarında və dərnəklərdə püxtələşiblər. Bu məsələyə qayıtmaq çox yaxşı haldır. Xalq teatrlarında çalışanlara qayğının artırılması vacib şərtlərdəndir. Bu işdə rayon rəhbərliyinin də dəstəyinə böyük ehtiyac var”. Əməkdar incəsənət xadimi, AzTV-nin rejissoru Məhərrəm Bədirzadə dram dərnəkləri və xalq teatrlarının teatr sənətinin inkişafında rolundan danışdı:Biz hamımız vaxtilə dram dərnəklərində püxtələşmişik. İndi onlardan əsər-əlamət qalmayıb. Televiziyada edə bilmədiyimizi gedib xalq teatrlarında etmişik. Bir çox verilişlərimizi Şirvan xalq teatrında çəkmişik. Doğrudan da, xalq teatrlarının dirçəldilməsi və dram dərnəklərinin bərpası təqdirəlayiq bir olardı”.

   Xalq artisti, Akademik Milli Dram Teatrının rejissoru Mərahim Fərzəlibəyov tədbirin əhəmiyyətini qeyd etdi: “Sevinirəm ki, xalq teatrları barədə məsələ gündəmə gəlib. Onların dirçəldilməsi çox vacibdir. İş o deyil ki, bu teatrlarda aktyorlar yetişməlidir. Xalq teatrları mexanizmi işə düşməlidir. Şəxsiyyətin formalaşmasında xalq teatrları və dram dərnəklərinin estetik rolu böyükdür”.

   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağayeva, Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev və başqa çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirdilər. Seminarda teatrkino aktyorları, rejissorlar, teatrşünaslar, eləcə də rayon xalq teatrlarının bədii rəhbərləri və rejissorları iştirak edirdi.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 4.