Səməd Vurğun Fondunun mükafatları təqdim edilib

 

   Səməd Vurğun Fondunun 2013-cü il üzrə mükafatlarının təqdim olunması ilə bağlı mərasim keçirilib. Tədbiri şairin ev-muzeyinin direktoru, Səməd Vurğun Fondunun prezidenti Aygün Vəkilova açaraq qurumun yaranması və missiyası haqqında məlumat verib.

  

   Qeyd olunub ki, fondun əsas məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının tədqiq olunması, incəliklərinin üzə çıxarılmasından ibarətdir. A.Vəkilova bildirib ki, fond tərəfindən 2013-cü il üzrə müxtəlif nominasiyalarda altı nəfər mükafata layiq görülüb.

   Sonra o, diplom-mükafatları sahiblərinə - Strategiya.az saytının köşə yazarları - hüquqşünas Səməd Vəkilov və fizik alim Yusif Alıyev, yazıçı Zaməddin Ziyadoğlu, polis polkovniki Mehman Mansurov, adamı Məhəmməd İsmayılov və Səməd Vurğun irsinin təbliğatçısı Elşad İbrahimova təqdim edib.

   Tədbirdə dahi şairin səsli video görüntüsünün, ümummilli lider Heydər Əliyevin Səməd Vurğunun "Azərbaycan" şeirini kövrələrək söyləməsini əks etdirən kadrların nümayişi iştirakçılar tərəfindən həssaslıqla qarşılanıb.

   Aygün Vəkilova ulu öndərin Səməd Vurğun irsinə verdiyi yüksək dəyərin bu günPrezident İlham Əliyev tərəfindən uca tutulduğunu vurğulayaraq bütün vurğunsevərlərə dərin təşəkkürünü bildirib.

   Rəsmi hissədən sonra Aşıq İlham Aslanbəyli, Aşıq Ulduz, müğənni Sədaqət gözəl ifaları ilə məclisə xüsusi rövnəq qatıblar.

 

 

    Mədəniyyət.- 2013.- 15 may.- S. 10.