Tbilisidəki Azərbaycan Mədəniyyət Muzeyində bayram tədbiri

 

   Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində iki ölkənin istiqlal bayramına - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru Leyla Əliyeva iştirakçılara iki dost ölkənin müstəqillik uğrunda mübarizəsindən, əldə etdiyi uğurlardan danışıb, ulu öndər Heydər Əliyevin Azərbaycanla yanaşı, Gürcüstanın müstəqillik tarixində də əvəzsiz xidmətlərindən söz açıb.

   Tbilisidəki “İntellekt” nəşriyyatı tərəfindən bu günlərdə nəfis şəkildə işıq üzü görmüş “Heydər Əliyev Gürcüstanda” kitabının təqdimatını iki dövlətin müstəqillik bayramına ən böyük hədiyyə kimi qiymətləndirilib.

   Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirinin birinci müavini Marina Mizandari deyib ki, əsaslı bərpa işlərindən sonra fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Muzeyində xalqlarımızın əzəli arzusu olan müstəqillik bayramının qeyd edilməsi əlamətdar hadisədir.

   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva hər iki ölkə üçün çox önəmli olan bayramın M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində qeyd olunmasını dostluq əlaqələrimzin təcəssümü kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyü pozulub, hər iki dövlət separatizmdən əziyyət çəkir, biz çalışmalıyıq ki, bütün qüvvələri bu problemlərin həllinə yönəldək.

   Millət vəkili “Heydər Əliyev Gürcüstanda” kitabının təqdimatının bu tədbirə təsadüf etməsini mühüm hadisə adlandırıb və çoxlarına nümunə göstərilən Azərbaycan-Gürcüstan münasibətlərinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunubu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

   Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Demur Başeleişvili, SOCAR-ın məsul əməkdaşı Şövqi Mehdizadə, məşhur rejissor Tengiz Txilava və başqaları Azərbaycan və gürcü xalqlarının əbədi arzusu olan müstəqilliyimizin qorunub saxlanılması üçün bütün qüvvələri birləşdirməyin vacibliyini vurğulayıblar. Sonda iştirakçılar ulu öndərə həsr olunmuş “Dənizdən dənizə” filminə baxıblar.

 

Mədəniyyət.- 2013.- 24 may.- S. 8.