“Belə bir sərgidə iştirak etmək bizim üçün böyük təcrübədir”

 

II Bakı Beynəlxalq Kukla Biennalesi iştirakçılarının təəssüratları

 

Xəbər verdiyimiz kimi, noyabrın 5-də Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesinin açılışı olub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Kuklaart qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Noyabrın 10-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycanla yanaşı 12 ölkədən tanınmış kukla sənəti ustaları iştirak edir. Qonaqlardan bir neçəsinin təəssüratını öyrəndik.

 

Yelena Kunina (polimer gildən ən yaxşı Avropa kuklası və “Ən yaxşı tematik kolleksiyaya görə «Eberhard Faber» qızıl kubokunun ikiqat mükafatçısı, İsrail):

- Məni II Bakı Beynəlxalq Kukla Biennalesinə dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Sərgi inanılmaz dərəcədə gözəl təşkil olunub, müsbət aura ilə əhatə edilib. Burada nümayiş olunan hər bir yüksək səviyyədədir. Tanınmış kukla sənəti müəlliflərinin Bakıda belə bir tədbirdə görüşməsi, müxtəlif ölkələrdən olan həmkarlarımızla bir yerdə olmaq çox xoşdur. Əlbəttə, kukla sənətinin inkişaf etdirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyəti var. Bakı biennalesində birinci dəfədir ki, iştirak edirəm. Amma bu, əslində, mənim Bakıya ikinci səfərimdir. İlk dəfə buraya 20 il öncə gəlmişdim. Görürəm ki, bu müddətdə Bakıda müsbət mənada mühüm dəyişikliklər baş verib, şəhəriniz daha da gözəlləşib.

 

Kristin Polis (animator rəssam, Belçika):

- Mən yaratdığım əsərlərlə qadın gözəlliyini, gücünü improvizə etməyə çalışmışam. Belçika televiziyasının qısametrajlı film proqramları üçün kuklalar da hazırlayıram. Kuklaları əsasən polimer materiallardan düzəldirəm. Ümumiyyətlə, çalışıram ki, hazırladığım kuklalar cazibədar olsun insanların diqqətini daha çox özünə çəkə bilsin. Düşünürəm ki, Bakının ev sahibliyi etdiyi bu tədbir kukla sənəti ustaları, rəssamlar üçün böyük əhəmiyyət kəsb edir. Etiraf edim ki, ilk dəfədir ki, belə böyük beynəlxalq tədbirdə iştirak edirəm. Buradan xoş təəssüratla gedəcəyəm.

 

Oksana Voropay (Ukrayna Əl Yaradıcılıq Ustaları Assosiasiyasının prezidenti):

- “Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesində iştirak etmək bizim üçün böyük təcrübədir. Yaratdığımız bu kuklalarda Ukrayna xalq yaradıcılığına istinad edirik. Sərgiyə özümlə 13 işimi gətirmişəm onları hazırlamaq üçün müxtəlif materiallardan, farfordan istifadə etmişəm. Assosiasiyamız belə böyük biennaledə ilk dəfə təmsil olunur. bu səbəbdən sevinirəm ki, özümüz üçün böyük təcrübə əldə edirik. Hazırda Ukraynada kuklalar yeni materialdan hazırlanır ki, bu da müxtəlif ölkələrdən olan həmkarlarımızı maraqlandırır.

 

Eliza Gallea (“Kukla kamilliyi” (ABŞ, 2007) “COLLIII” (Almaniya, 2010) nominasiyasında mükafatların sahibi, İtaliya):

- Bakıda keçirilən kukla biennalesində ilk dəfədir ki, iştirak edirəm. Ümumiyyətlə, şəhərinizə ilk səfərimdir. Sərgi çox yüksək səviyyədə təşkil olunub. Müxtəlif ölkələrdən gözəl işlər təqdim olunur. Buraya özümlə 5 gətirmişəm. Onların hər biri əl işidir. İlk dəfə Praqada beynəlxalq kukla biennalesində iştirak etmişəm. Bundan başqa, ABŞ-da (Nyu-York), Rusiyada, Ukraynada kukla sənəti ilə bağlı təşkil edilən beynəlxalq tədbirlərə qatılmışam. Əlbəttə, belə tədbirlər təcrübə mübadiləsi baxımından əhəmiyyətli rola malikdir. Şəhərə gəlincə, mən Bakıya heyran oldum. Müasir binalarla tarixi tikililərin memarlıq quruluşu valehedicidir. Çox istərdim ki, şəhəri daha çox gəzim, görməli, tarixi yerlərə gedim.

 

Laura Scattolini («Dolls Magazine» jurnalınınDools Award”, “Walt Disney”dən “Collector's Choice Awards (“Kolleksiyaçıların seçimi”) mükafatlarının laureatı, İtaliya):

- İlk dəfə Bakıya gəlmişəm onu qeyd edim ki, ünsiyyətdə olduğum insanlarınız məni çox təəccübləndirdi. Onlar çox mehriban ünsiyyətcildirlər. Eyni zamanda kukla sənətinə böyük maraq göstərirlər. Bu doğrudan da olduqca təqdirəlayiqdir. Beynəlxalq Kukla Biennalesi təcrübəli müəllifləri bir araya gətirib. Məncə, kukla sənəti rəssamlığa bənzəyir biz müəlliflər öz düşüncələrimizi əl işlərimizlə ifadə edirik. Hər bir müəllif bu işin daha mükəmməl olması üçün böyük zəhmət sərf edir.

 

Yelena İlyina (Beynəlxalq Zərgər Dizaynerlər Assosiasiyasının üzvü, “Doll Prague” I Beynəlxalq kukla sərgisinin art direktoru, Çexiya):

- Burada təqdim etdiyim kuklaların hər birinin öz yaradılma tarixçəsi var. Onları hazırlamaq üçün uyğun materiallardan istifadə edirəm. Bu bəzən müasir, bəzən antikvar materiallar ola bilər. Ümumiyyətlə, çalışıram ki, kompozisiyanı daha yaxşı, mükəmməl tamamlayım. Bakıda olmaqdan, belə bir sərgidə iştirak etməkdən çox məmnunam.

 

Mehparə

 

Məəniyyət.- 2013.- 8 noyabr.- S. 5.