İki xalqın artisti

 

Daşkənddə Firudin Səfərovun 80 illik yubileyi qeyd olunub

 

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin “Özbəkteatr” Birliyi ölkəmizin Daşkənddəki səfirliyi ilə birlikdə Əlişir Nəvai adına OperaBalet Teatrının rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, professor Firudin Səfərovun 80 illik yubileyi münasibətilə mərasim keçirib.

 

Türküstan” sarayında keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatlar, mədəniyyət, incəsənət xadimləri, KİV, ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.

Mərasim Firudin Səfərova həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb. Sonra teatrın direktoru Bəxtiyar Yaqubov tanınmış opera rejissorunun fəaliyyətindən, Daşkənd teatrındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, görkəmli italyan bəstəkarı C.Verdinin bu teatrda tamaşaya qoyulan altı operasından beşinə məhz F.Səfərov quruluş verib və hazırda bəstəkarın daha bir əsəri - “Ernani” operası üzərində gərgin məşqlər gedir. Professor Firudin Səfərov Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmət göstərir. Opera sənəti qarşısındakı xidmətlərinə görə rejissora Özbəkistan Prezidentinin fərmanı ilə “Əmək şöhrəti” ordeni verilib.

B.Yaqubov rəhbərlik etdiyi teatr adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim edib.

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QarayevinDiasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyevin yubilyara təbrik məktubları oxunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qocaman sənətkarın Azərbaycan və özbək xalqları qarşısındakı xidmətlərini yüksək qiymətləndirib, ona səfirliyin fəxri fərmanını, hədiyyələr təqdim edib. Özbəkistanın aparıcı teatrlarının rəhbərləri və mədəniyyət xadimləri yubilyara təbriklərini çatdırıblar.

Mərasimdə Firudin Səfərovun səhnələşdirdiyi bir sıra əsərlər - Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, dünya klassik operalarından parçalar göstərilib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı və Azərbaycan xalq çalğı alətləri ansamblı mahnı və rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 12.