100 yaşında 1001 məhəbbətlə

 

Arşın mal alanoperettası yenidən Ankara səhnəsində

 

Xəbər verdiyimiz kimi, 100-cü baharını yaşayan təkrarsız musiqi nümunəsi, dahi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettası bu günlərdə zəngin sənət ömrünə yeni bir səhifə əlavə etdi. Əsər yenidən qardaş Türkiyədə, Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyuldu. Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdən quruluş verdiyi operettanın yeni Ankara həyatı barədə təəssüratlarını öyrəndik.

 

Ölməz əsərin 100-cü yaşının sevincini, bu tamaşaya quruluş verməyin məmnunluğunu yaşayan rejissor hadisəni bütünlükdə millət olaraq hamımızın fəxarəti kimi dəyərləndirdi: Professional musiqimizin banisi Üzeyir bəyin bütün yaradıcılığı dünyəvidir, dəyərlidir. Şərqdə ilk opera və operettanı yazan bəstəkar “Arşın mal alanla musiqi yaradıcılığında yeni bir səhifə açdı. Təsadüfi deyil ki, operetta səhnəyə çıxdığı gündən xalq tərəfindən sevilməyə başladı. Rejissor kimi mənim də sənət taleyimdə xüsusi yeri olan bu əsərə növbəti dəfə quruluş vermək böyük fəxrdir. Bu əsəri müxtəlif ölkələrdə yeddi dəfə səhnələşdirmişəm. İlk olaraq 1997-ci ildə Azərbaycanda, doğma Akademik OperaBalet Teatrında quruluş verdiyim tamaşa maraqla qarşılanmışdı. Premyera bu gün kimi yadımdadır. Operetta 1997-ci ilin teatr mövsümünün açılışında, 18 sentyabr - Üzeyir Musiqi Günündə nümayiş olundu. 3 gündən sonra, sentyabrın 21-də tamaşaya ulu öndər Heydər Əliyev dünyanın bir neçə ölkəsindən nümayəndələrlə birgə tamaşa etdi. O gündən teatrın repertuarında olan tamaşa aktyorların dəyişməsinə rəğmən yenə də eyni məhəbbətlə baxılır, alqışlanır”.

Operettanın Ankaradakı səhnə taleyinə gəlincə, bu artıq üçüncü dövr hesab olunur. Türkiyə paytaxtında ilk dəfə 1985-ci ildə nümayiş olunan əsərə 2003-cü ildə azərbaycanlı rejissor Hafiz Quliyevin quruluşunda müraciət edilib: “2003-cü ildə səhnələşdirdiyim tamaşa çox maraqla qarşılanmışdı. Əsər bir neçə il teatrın repertuarından düşmədi. 2009-cu ildə yenidən qardaş ölkəyə dəvət olundumSamsun Akademik OperaBalet Teatrında bu təkrarsız əsərə yenidən quruluş verdim. Bu günədək repertuarda qalan gözəl sənət nümunəsi Türkiyədə sevilərək izlənən operettalardandır. Belarus, Rusiya və Çində quruluş verdiyim tamaşalar da eyni sevgi ilə qarşılanır. Musiqilibrettodan irəli gələn səmimiyyət və incə komik elementlər böyük marağa səbəb olur. Məişət mövzusunda yazılmasına baxmayaraq, ümumbəşəri sənət əsəri olan tamaşa ümumilikdə Azərbaycanın təqdimatında, mədəniyyətimizin dünyaya tanıdılmasında unikal nümunədir. Sözmusiqinin ahəngi, ayrı-ayrı obrazların koloriti, təpədən dırnağa Azərbaycan insanının həyat, yaşam sərgisi olan tamaşa izləyəni ayrı bir aləmə aparır. Musiqidən irəli gələn milli elementlər, əsərin zənginliyi hər quruluşda ona fərqli rejissor yozumu, sərbəst işləmək, hər detalda yeni nə isə etmək imkanı verir”.

Ankara teatrının repertuarına daxil olunduğu ilk vaxtdan fasiləsiz bir neçə il nümayiş etdirilən və sonradan texniki səbəblərdən repertuardan çıxarılan nümunəyə yenidən qayıdış da maraqlıdır. Belə ki, tamaşalarının reytinqində izləyici marağını əsas götürən ankaralı teatr mütəxəssisləri yenidən repertuarlarına nəzər salıb ən səs gətirən tamaşalarının bərpasına qərar verirlər. Və təbii ki, bu mənada “Arşın mal alan” yenidən səhnəyə qayıtmaq şansı qazanır. Əsərin Ankara səhnəsinə qayıtmasının yubileyə təsadüf etməsinin xüsusilə əlamətdar olduğunu deyən baş rejissor tamaşanın mədəni hadisəyə çevrildiyini vurğuladı: “Hansı ölkədə qoyulmasından asılı olmayaraq, səs gətirən tamaşa milli elementlərin təqdimatı - geyim, Azərbaycan ailəsi, Qarabağ bəyinin evinin təsviri, xalçalarımız, məişət əşyaları və s. baxımından da unikaldır. Bunun Ankarada da şahidi oldum, təkrarını yaşadım. Premyera sonrası mətbuat orqanlarında musiqi ilə yanaşı, tərtibat xüsusilə vurğulandı, Qarabağ məqamı qabardıldı. Sevindirici haldır ki, aktyor potensialından, həmin teatrın ən tanınan simalarının oyun-vokal imkanlarından istifadə edilərək tamaşaçılar tərəfindən ajiotaja səbəb olan daha bir nümunə ərsəyə gəldi. Əslində, mən əvvəlki quruluşdan dolayı aktyorların əksəriyyətini tanıyır, vokal imkanlarını bilirdim. Amma onlarla yanaşı tam başqa bir heyətlə də çalışdım. Belə ki, orada bir əsər üç heyətdə, onların təbirincə desək, üç kadroda oynanılır. Və hər heyətin aktyoru mütləq ayrı-ayrı yaş qrupu və səviyyədə olur. Bu dəfə də əsas, ortatam gənclərdən, əksəriyyəti səhnədə debüt edən konservatoriya məzunlarından ibarət üç qrupla işlədim. Təbii ki, tamaşada özünəməxsus yeri olan heyətlərin arasında gənclərlə işləmək daha maraqlı idi. Onların oyunu da eyni səviyyədə qarşılandı. Əslində hər heyət bir tamaşa, fərqli bir yanaşma idi. Quruluş eyni olsa da, aktyor plastikası, mizanda aktivlik və təbii ki, vokal imkanı onu yeni bir şey kimi qəbul etdirir”.

Hər üç heyətin ifasında əsasən üç premyera tamaşanın oynanıldığını qeyd edən rejissor bütün nümayişlərin anşlaqla keçdiyini, biletlərin bir həftə öncədən satılıb qurtardığını qeyd etdi: “Təsəvvür edin, tamaşaya ayaq üstə, parterlər arasındakı keçidlərdə əyləşib baxırlar. Və ifaları, musiqini elə həyəcan, elə sevgi ilə izləyirlər ki, insan sadəcə kövrəlir. Tamaşada Əsgər rolunu oynayan Şenol Talınlının çevirdiyi, türkcəyə uyarladığı librettoda aktyorların ləhcə, tələffüz elementləri baxımlı idi. Geniş potensiala malik bu aktyorla yanaşı Esin Talınlı, Səlva Ərdənər, Əmrah Sözər, Minə Qurdoğlu, Çətin Kranbay, Əzgi Qaraqaya, Bülənt Atəşoğlu kimi maraqlı oyun üslublu aktyorların rol aldığı tamaşada rəqs quruluşu (Dəniz Çığ) və geyim rəssamının (Aydan Çinar) işiyaddaqalan idi. Türkiyədə tanınmış səhnə ustalarından olan Yusif Tokerin tərtibatçılığında milli elementlərin hər məqamda əksi isə ən xoş sözlərə layiqdir. Oktyabrın 27-də keçirilən premyeraya və digər nümayişlərə Türkiyənin dörd bir yanından tamaşaçılar, sənət adamları, media nümayəndələri, teatr mütəxəssisləri gəlmişdilər. Premyeradan sonra 15 dəqiqə davam edən sürəkli alqışlar, xoş sədalar mənə bir azərbaycanlı, Üzeyir bəyin yetişdiyi məmləkətin övladı olaraq yaşaya biləcəyim ən gözəl duyğuları bəxş etdi”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 11.