Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra təqdimatı

 

Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra təqdimatı keçirilib. Tədbirdə muzeyin internet saytı, “Naxçıvan xalçaçıları” kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Naxçıvan xalçaları” sənədli filmi təqdim olunub.

 

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq milli mədəni irsimizə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bunun sayəsində xalq tətbiqi sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, xalçaçılıq sənəti öz yüksək qiymətini alıb. Bildirilib ki, xalça sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olub. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib.

Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlayıb, 2010-cu ildə muzey yeni bina ilə təmin olunub. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində müəyyən tədbirlər görülüb. Bu xüsusda “Azər-İlmə” MMC-nin fəaliyyəti təqdirəlayiqdir. “Azər-İlmə” Naxçıvan xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xalçaları muzeyə hədiyyə edib. Bundan əlavə qurum apardığı elmi araşdırmaların nəticəsi olaraq nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabını və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalını nəşr edib, “Naxçıvan xalçaları” sənədli filmini və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytını hazırlayıb. Vasif Talıbov bütün bu işlərə görə “Azər-İlmə”nin direktoru Vidadi Muradova və kollektivə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev xalça sənətinin xalqımızın həyatı və məişəti ilə sıx bağlı olduğunu deyib. Qeyd olunub ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülüb.

“Azər-İlmə” MMC-nin direktoru, professor Vidadi Muradov çıxışında bildirib ki, aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbi, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətləri ayrı-ayrılıqda tədqiq və təhlil olunub. O, Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini deyib.

Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin yeni internet saytı, “Naxçıvan xalçaçıları” kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Naxçıvan xalçaları” sənədli filmi haqqında məlumat verilib.

Muzeyin www.xalca.nakhchivan.az internet saytı üç dildə hazırlanıb, “eksponatlar”, “elektron kitabxana”, “fotoqalereya”, “virtual ekskursiya” və “əlaqə” bölmələrindən ibarətdir. Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Naxçıvan xalçaçıları” kitabında muxtar respublikanın müxtəlif bölgələrindən olan 254 xalçaçı haqqında məlumat yer alıb.

 

Mədəniyyət.- 2013.- 13 noyabr.- S. 15.