Tanınmış musiqişünasın irsindən daha bir töhfə

 

 

Görkəmli tədqiqatçı alim, professor Ramiz Zöhrabov Azərbaycan musiqişünaslıq elminə böyük töhfələr verib. Bu onun alim, pedaqoq, ictimai xadim kimi uğurlu fəaliyyətinin nəticəsində mümkün olub. Geniş yaradıcılıq irsinə malik olan Ramiz müəllimin başladığı hər bir tədqiqatlarını və digər yaradıcılıq işlərini uğurla başa vurması onun öz sənətinə sevgisindən və yüksək məsuliyyətindən irəli gəlir.

 

Açığını deyək ki, elə musiqişünas alimlər var ki, onları yalnız öz çevrələri tanıyır. Ramiz Zöhrabov isə xalqın tanıdığı və sevdiyi bir şəxsiyyətdir. Ramiz müəllimi tanıyan sənətsevərlər, əminik ki, onun yaradıcılığına da bələddirlər. Bu bələdçilik istiqamətində daha bir mənbə işıq üzü görüb. «Ramiz Zöhrabov - görkəmli musiqişünas alim» kitabı sənətkarın həyat və yaradıcılığına daha dərindən bələd olmaq üçün çox dəyərli mənbədir.

Kitabda Ramiz Zöhrabovun, demək olar ki, bütün ömür yolu işıqlandırılıb. Nəşrdə əvvəlcə Prezident İlham Əliyevin alimin təltif olunması haqqında verdiyi sərəncamların, təltiflərin surəti öz əksini tapıb. Sonra Yeni Azərbaycan Partiyasının, Azərbaycan Bəstəkarlar İttifaqı katibliyinin Ramiz müəllimə yubileyləri ilə əlaqədar ünvanladığı təbriklər verilib. Sənətşünaslıq üzrə elmlər doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəttah Xalıqzadənin birgə yazdıqları «Görkəmli musiqişünas alim, pedaqoqictimai xadim» adlı məqalədə Ramiz müəllimin həyat və yaradıcılığı geniş şəkildə təqdim edilir. Kitabda həmçinin görkəmli alim haqqında dövri mətbuatda nəşr olunan məqalələr toplanıb. Bunlardan «Ramiz Zöhrabov-50» (Şahnəzər Hüseynov, «Qobustan» jurnalı, 1989), «Musiqi dünyası ilə yaşayan alim» (Vasif Adıgözəlov, “Azərbaycan” qəzeti, 1999) «Görkəmli musiqişünas alim» (Elxan Babayev, «Respublika» qəzeti, 1999), «İstedad və zəhmət» (Əhməd İsazadə, Ceyran Mahmudova, «Xalq» qəzeti, 1999) və başqalarını göstərə bilərik.

Belə bir toplunu hazırlayıb Ramiz Zöhrabov irsindən yeni bir töhfə kimi təqdim edən BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabovanın adı xüsusi qeyd olunmalıdır. Bu yerdə istedadlı şair Əliağa Bakirin bir beytini yada salmaq istəyirəm:

 

Hər bir övlada şərəf-şöhrət ilə şan atadır,

Başa tac, qəlbə fərəh, təxti-Süleyman atadır.

 

Bu qəzəli təsadüfi xatırlamadım. Hər bir övlad üçün atanın nə qədər ali və müqəddəs olması bəllidir. Leyla xanım isə bu müqəddəslik qarşısında öz övladlıq borcunu yüksək peşəkarlıqla həyata keçirib. O, bununla Ramiz Zöhrabova həm övladı, həm də tələbəsi kimi sədaqətini ifadə edərək çox dəyərli bir mənbə yaradıb. Düşünürəm ki, Leyla xanımın bu xidməti sənətkarlarımızın övladlarına bir nümunə ola bilər. Çünki elə sənətkarlar tanıyırıq ki, övladları heç onların bir fotosunu belə saxlamayıb. Amma Leyla xanım atası haqqında bu toplunu ərsəyə gətirməklə mədəniyyətimizə də yeni bir töhfə bəxş edib. Kitabın redaktoru Ramiz müəllimin tələbəsi, professor Cəmilə Həsənovadır.

Nəşrin sonunda Ramiz Zöhrabovun əsərlərinin biblioqrafiyası da verilib. Görkəmli alimin kitablarının, elmipublisistik məqalələrinin, elmi redaktoru olduğu nəşrlər və tərtib etdiyi tədris proqramları, musiqi əsərlərinin siyahısı da buraya daxildir. Kitab Ramiz Zöhrabovun zəngin yaradıcılıq salnaməsidir. Bu salnamədən gənc musiqişünaslar da bəhrələnə biləcəklər.

Sonda hörmətli müəllimim haqqında işıq üzü görən bu kitaba mənim də 2 iyul 2010-cu ildə «Mədəniyyət» qəzetində çap olunan «Musiqişünas alim Ramiz Zöhrabovla sənət söhbətləri» adlı məqaləmi daxil etdiyi üçün Leyla xanıma öz minnətdarlığımı bildirirəm.

 

 

Səadət Təhmirazqızı

 

Mədəniyyət. - 2013. - 27 noyabr. - S.10.