Siyəzəndə Cabir Novruzun 80 illik
yubileyi qeyd olunub
Siyəzən şəhər Mədəniyyət
evində müasir Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, Xalq şairi Cabir Novruzun (1933-2002) 80 illik
yubileyinə həsr olunmuş “Sağlığında qiymət
verin insanlara” adlı ədəbi-bədii gecə
keçirilib.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əlamətdar yubiley münasibətilə Cabir Novruz yaradıcılığını sevənləri təbrik edib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, şair, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, filologiya elmləri doktorları Rasim Nəbioğlu, Vüqar Əhməd, yazıçı-publisist Xeyrəddin Qoca çıxış edərək Cabir Novruzun həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb, xatirələrini danışıblar.
Qeyd edilib ki, illər öncə “Sağlığında qiymət verin insanlara” deyən şairinə həm sağlığında, həm də vəfatından sonra xalqımız böyük qiymət verib. O, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb, Milli Məclisin deputatı (1995-2000), Prezident təqaüdçüsü olub.
Vurğulanıb ki, Cabir Novruz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində
ölkəmizdə gedən
ictimai-siyasi proseslərdə
həmişə əsl
vətəndaşlıq mövqeyi
nümayiş etdirib.
Şairin
nəvəsi Səfurə
Novruzlu, Siyəzən
şəhər 1 nömrəli
tam orta məktəbin
şagirdləri şairin
şerlərini səsləndirib,
Xalq artisti Zaur Rzayev, Elza
Seyidcahan, Zəka Zeynalov, Aslan Hüseynov, Günay İbrahimli və başqa müğənnilərin
ifasında “Ey həyat, sən nə qəribəsən”,
“Tələbəlik illəri”,
“Cavanlığım” və
digər mahnıları
tədbir iştirakçılarına
xoş anlar yaşadıb.
Tədbirin sonunda şairin oğlu Müşfiq Cabiroğlu yubiley tədbirinin təşkilatçılarına
təşəkkürünü bildirib.
Mədəniyyət. - 2013. - 29
noyabr. - S.15.